Xəbər verdiyimiz kimi, 15-22 sentyabr tarixlərində keçirilən IV Sevil Beynəlxalq Sənədli Film Festivalının fəxri qonaqlarından biri məşhur azərbaycanlı fotoqraf Rəna Əfəndidir. Festival çərçivəsində sentyabrın 16-da onunla görüş keçirilib.
Rəna Əfəndi Azərbaycanda yeniliklərə imza atan qadın fotoqraf kimi tanınır. Onun ən gözəçarpan mövzularından biri mədəni və ətraf mühit amillərinə baxmayaraq, insanların, xüsusilə də qadınların öz şəraitlərini dəyişmək uğrunda mübarizəsi ilə əlaqəlidir.
Görüşdə bu barədə söz açan fotoqraf diqqətə çatdırıb ki, fəaliyyətində əsas məqsədi sadəcə, şəkil çəkmək deyil, həm də fotoların hekayələrini ön plana çıxarmaqdır. Onun çəkdiyi bir sıra portretlər müharibədən qaçan insanların yoxsulluğunu və terroru, eyni zamanda ölkələrindəki şiddət və iqtisadi tənəzzülü ifadə edir.
İştirakçıları maraqlandıran sualları cavablandıran Rəna Əfəndi on iki ildən çoxdur Azərbaycanda olmadığını deyib və bu festival çərçivəsində belə bir görüşün təşkilinə görə məmnunluğunu bildirib.
Qeyd edək ki, Rəna Əfəndi “Boru xəyalları: Boru kəməri boyunca həyatların salnaməsi” və “Maye torpaq” adlı iki foto-monoqrafiyanın müəllifidir. Bir sıra beynəlxalq mükafatların laureatıdır. Davosda keçirilən Dünya İqtisadi Forumunda iki dəfə çıxış edib və forumun “Mədəni liderlik” şəbəkəsinin üzvüdür. Əsərləri Londonda Viktoriya və Albert, İstanbul Modern, Nyu-York Müasir İncəsənət muzeyləri kimi nüfuzlu məkanlarda nümayiş olunub. “National Geographic Magazine” və “Monocle” jurnalları ilə mütəmadi əməkdaşlıq edir.