Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1996-cı il 22–24 aprel
Prezident Heydər Əliyev Avropa ölkələrinə (Lüksemburq, Belçika, Norveç) səfəri zamanı Rusiyanın Lüksemburqdakı Səfirliyinin (keçmiş SSRİ-nin səfirliyi) ərazisindəki Nizami Gəncəvinin abidəsi önündə çıxış edib (22 aprel), Brüsseldəki “Konrad” hotelində rəssam Eldar Mikayılovun xalça sərgisində olub (23 aprel), Norveçdə məşhur səyyah Tur Heyerdal ilə görüşüb, Oslodakı Beynəlxalq Uşaq İncəsənət Muzeyində olub (24 aprel).
Lüksemburqdakı Rusiya səfirliyi ərazisindəki Nizami Gəncəvinin abidəsi önündə çıxışından:
“...Hələ Sovet İttifaqı dövründə, mən Azərbaycanın rəhbəri olarkən SSRİ-nin Lüksemburqdakı səfiri səfirliyin ərazisində yaradılan, bütün müttəfiq respublikalardan eksponatlar qoyulacaq qalereya üçün elə bir şey göndərməyi xahiş etdi ki, o, Azərbaycan tarixini və ya mədəniyyətini əks etdirsin. O vaxt biz bu qalereya üçün Nizami Gəncəvinin heykəlini təqdim etməyi lazım bildik. Bunun böyük mənası var. Axı Nizami Gəncəvi bütün bəşər sivilizasiyasına məxsusdur. Onun dünya mədəniyyətinə, dünya ədəbiyyatına verdiyi töhfə hamıya məlumdur. Lakin bununla bərabər, o, azərbaycanlıdır, Azərbaycan şairidir. Odur ki, burada həm ümumbəşəri mədəniyyət, ümumbəşəri dəyərlər, həm də milli fərq, milli xarakter vəhdət yaradır. Hər bir xalq ümumbəşəri mədəniyyətə öz töhfəsini verir. Bütün bunlar isə ümumbəşəri dəyərləri əmələ gətirir.
...Tale elə gətirdi ki, bu səfirlik Rusiyanın səfirliyinə çevrildi. Ümidvaram ki, bu abidə də Rusiya ilə Azərbaycan arasında, xalqlarımız arasında dostluğun bir rəmzi olacaqdır...”.
***
Oslodakı Beynəlxalq Uşaq İncəsənət Muzeyində çıxışından:
“...Bu muzeyin ən üstün xüsusiyyəti ondan ibarətdir ki, o, uşaqlara – cəmiyyətin gələcəyinə, uşaqların öz istedadlarının nümayiş etdirilməsinə həsr olunubdur. Uşaqlara qayğı göstərmək yüksək mənəviyyatın, mədəniyyətin əlamətləridir...
Muzeydə Azərbaycan uşaqlarının əl işlərinin nümayiş etdirilməsi bu muzeyin və Norveçin Azərbaycana olan dostluq münasibətinin təzahürüdür. Mən bunu çox yüksək qiymətləndirirəm. Məni ən çox heyran edən, coşduran, sevindirən hal ondan ibarətdir ki, bu muzeydə Azərbaycanda yerlərindən-yurdlarından didərgin düşmüş, Ermənistanın təcavüzü nəticəsində çox əzab-əziyyətlər çəkmiş qaçqın uşaqların rəsmləri nümayiş etdirilir. Bu muzeydə belə rəsmlərin olması hər bir azərbaycanlının hisslərinin çox incə yerlərinə toxunur... Azərbaycanlı uşaqların əsərlərinin gətirilib burada göstərilməsində xidmətlərinə görə “Statoyl” şirkətinə, muzeyin rəhbərlərinə və Norveç Qaçqınlara Yardım Şurasına təşəkkürümü bildirirəm...”.
1996-cı il 6 may
Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə Xalq artisti Sofiya Hüseynovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Sofiya Hüseynovanı 70 illiyi münasibətilə təbrik edib, təbrik məktubunda aktrisanın zəngin ənənələrə malik Naxçıvan Dövlət Dram Teatrında yarım əsrə yaxın səhnə fəaliyyətini yüksək qiymətləndirib.
1996-cı il 10 may
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Rusiyanın “Yeni adlar” Beynəlxalq Xeyriyyə Fondunun və “Biznesmenlər – Azərbaycanın Gənc İstedadlarına” xeyriyyə fondunun himayə etdikləri gənc istedadların təqdimat konsertinə baxıb. Konsertdən öncə “Yeni adlar” Beynəlxalq Xeyriyyə Fondunun yaratdığı “Planetin yeni adları” kitabını imzalayıb və çıxış edib.
1996-cı il 15 may
Heydər Əliyev onun dəvəti ilə Bakıda qonaq olan 11 yaşlı Çin məktəblisi, rəssam Dzen Yanqı qəbul edib.
1996-cı il 22 may
Şair Sabir Rüstəmxanlını 50 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda yubilyarın Azərbaycan ədəbiyyatı və publisistikasının tanınmış nümayəndəsi kimi öz yaradıcılığı ilə xalqın milli şüurunun təkamülündə rolu, eləcə də müstəqil Azərbaycanın yeni tipli mətbuatının yaranmasında təqdirəlayiq xidmətləri qeyd olunub.
***
Azərbaycanda Gürcüstan mədəniyyəti günləri çərçivəsində iki ölkənin incəsənət ustalarının Respublika Sarayında keçirilən konsertindən sonra çıxış edib.
“...Heç bir çətinliyə baxmayaraq, incəsənət yaşayır. Bütün zəmanələrdə adamlar incəsənətlə – mahnı, musiqi, rəqslərlə ünsiyyətdə yaşamışlar... İncəsənət adamları həmişə yaxınlaşdırıb. İndi də istər Azərbaycanın, istərsə də Gürcüstanın böyük çətinliklərdən – dövlət müstəqilliyinin təşəkkülü ilə bağlı, tamamilə yeni sosial-iqtisadi sistemə keçidlə bağlı çətinliklərdən, həm gürcü xalqının, həm də Azərbaycan xalqının qarşılaşdığı itkilərlə bağlı çətinliklərdən keçdiyi dövrdə, bütün bunlara baxmayaraq, incəsənət bizi yaxınlaşdırır, incəsənət bizi birləşdirir.
Bu gün burada həm gürcü, həm də Azərbaycan mahnıları səsləndi. Gürcülər Azərbaycan mahnılarını, azərbaycanlılar isə gürcü mahnılarını ifa etdilər. Bu da tamamilə təbii haldır. Bu, bizim üçün adi haldır. Doğrudur, biz bir müddət bundan uzaq düşmüşdük. Lakin biz mehribançılığa adət etmişik. Çünki bu, bizə əcdadlarımızdan miras qalıb. Əcdadlarımız gürcü və Azərbaycan xalqlarının möhkəm dostluğunun bünövrəsini qoyublar. Biz isə bu dostluğu inkişaf etdirir və möhkəmləndiririk...”.
1996-cı il 23 may
Gürcüstanın mədəniyyət naziri Valeri Asatianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Hazırladı: Vüqar Orxan