Azərbaycan mədəniyyətinin və musiqi sənətinin inkişafına əvəzsiz töhfələr vermiş dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin xatirəsi anadan olmasının 138-ci ildönümündə Avstriyada anılıb.

18 sentyabr – Milli Musiqi Günü münasibətilə ölkəmizin Avstriyadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin heyəti Üzeyir Hacıbəylinin Vyanadakı abidəsini ziyarət edib. Dunay parkında yerləşən abidə önünə gül dəstələri qoyulub.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərini xatırladaraq, klassik musiqinin beşiyi sayılan Vyanada dahi bəstəkarın abidəsinin olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Şərqdə ilk operanın müəllifi, ilk konservatoriyanın banisi olmuş Üzeyir Hacıbəyli təkcə Azərbaycan musiqisi deyil, eyni zamanda dünya musiqisinin inkişafına da töhfələr verib.

Qeyd edək ki, Vyanadakı Dunay parkında Üzeyir Hacibəylinin abidəsi 2006-cı ildə ucaldılıb. Abidənin müəllifi görkəmli heykəltəraş, Xalq rəssamı Ömər Eldarovdur.