Azərbaycanın Belçikadakı Səfirliyi sentyabrın 16-17-də Brüsseldə keçirilən Avropa İrs Günlərində iştirak edib. 1989-cu ildə əsası qoyulan tədbir bu il 35-ci dəfə təşkil edilib.

Avropa İrs Günləri çərçivəsində Azərbaycan mədəni irsinin yerli ictimaiyyətə və turistlərə təqdim olunması məqsədilə səfirliyimizin binasında “Azərxalça”nın istehsalı olan xalçaların sərgisi və milli musiqimizin təqdimatı olub.

Ənənəvi tədbirdə bu il 10-dan çox diplomatik nümayəndəlik təmsil olunub. Belçikadakı səfirliyimizə yerli ictimaiyyətin ümumilikdə 500-ə yaxın nümayəndəsi və Brüsseldə olan turistlər gəlib. Avropada yaşayan musiqiçilərimiz Səbinə Məmmədova və Vüsalə Cabir qonaqlara konsert proqramları təqdim edib. Ziyarətçilərə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış təbliğat xarakterli materiallar paylanılıb.