Azərbaycanın mətbəx mədəniyyəti İsveçrədəki “Lauz’One” multikultural festivalında təqdim olunub. Lozanna şəhərinin mərkəzində keçirilən ənənəvi mətbəx şousunda “L’Heritage” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə stend qurulub.

Cenevrə şəhərində bir neçə il öncə fəaliyyətə başlayan, Azərbaycanın mədəni irsinin təbliği ilə məşğul olan assosiasiyanın tədbiri festivalda böyük maraqla qarşılanıb.

Dünyada ən maraqlı kulinariya təcrübələrinin sərgiləndiyi festivalda Azərbaycanın milli yeməkləri və incə zövqlə hazırlanmış desertləri “PHS Group”un təqdimatında nümayiş olunub. Azərbaycan rəqslərinin tədrisi ilə məşğul olan Mariya Xan-Xoyskaya Martignolinin parlaq ifası da stendin ətrafına xeyli tamaşaçı toplayıb, “Sarı gəlin” və “Yüz biri” kompozisiyaları alqışlarla qarşılanıb.

Festivalın fəxri qonaqları, diplomatik heyət, tədbirdə təmsil edilən ölkələrin nümayəndələri, yerli sakinlər azərbaycanlıların performanslarını yüksək dəyərləndirib, mətbəx sənətinin bir mədəniyyət haqqında dolğun təəssürat yaratdığını vurğulayıblar.