Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 14-15 sentyabr tarixlərində Niderland Krallığının paytaxtı Amsterdamda qədim türk yazılarından olan petroqliflərə, tamğalara və runik işarələrinə həsr edilmiş sərgi açılıb. Fondun Azərbaycan, Qazaxıstan və Türkiyənin Niderlanddakı səfirlikləri ilə işbirliyi çərçivəsində ərsəyə gələn sərgi  Amsterdam Yunus Əmrə İnstitutunun binasında gerçəkləşib.

Fonddan bildirilib ki, layihənin həyata keçirilməsi türk xalqlarına məxsus qədim yazı nümunələrinin tədqiq və təbliğ edilməsi, eləcə də daha geniş auditoriyalara çatdırılması məqsədini daşıyır.

Fondun prezidenti Günay Əfəndiyeva sərginin açılış mərasimindəki çıxışında ümumtürk mədəniyyətinin ayrılmaz parçası olan qədim türk yazılarının bəşəri sivilizasiyanın inkişafında önəmli rol oynamasından bəhs edib. Sərginin rəhbərlik etdiyi qurum tərəfindən başladılan genişmiqyaslı layihənin bir hissəsi olduğunu bildirən Günay Əfəndiyeva eyni zamanda ümumtürk ideyalarının bədii təcəssümünün ifadəsi olduğunu deyib. Tədbirin Avropa məkanında türk xalqlarının tarixi-mədəni irsinə dair daha geniş anlayışın formalaşması və mədəniyyətlərarası mübadilələrə töhfə olacağı vurğulanıb.

Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev, Qazaxıstan səfiri Askar Jumagaliyev, Türkiyə səfiri Selçuk Ünal, Amsterdam Yunus Əmrə İnstitutunun rəhbəri Adil Akaltun türk xalqlarını birləşdirən qədim yazı irsinin araşdırılmasının müasir dövrdə önəmini vurğulayıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu istiqamətdə fəaliyyətini təqdir ediblər.

Sərgidə türk dövlətlərindən tətbiqi sənət ustalarının – Sanjar Jubanov (Qazaxıstan), Jumagul Tashiev (Qırğızıstan) və Sabit Qurbanovun (Azərbaycan) qədim türk yazılarının və simvollarının daş üzərindəki bədii oymalarından ibarət əl işləri təqdim olunub və ustad dərsləri keçirilib. Qazaxıstanlı mütəxəssislər Meruert Kurmangalieva və Dair Kıdırqalyuli tərəfindən tədbir iştirakçılarına qədim run yazıları haqqında mühazirə oxunub.

Tədbirdə Niderland Krallığında akkreditə olunan diplomatik korpusun, bu ölkədə yaşayan türk xalqları diasporunun nümayəndələri, türkoloqlar iştirak ediblər.