Kinorejissor Xamis Muradovun 80 illiyi qeyd olunub

 

Qax rayon Mədəniyyət Mərkəzində Xalq artisti, kinorejissor, ssenarist, Prezident təqaüdçüsü Xamis Muradovun 80 illiyi ilə əlaqədar “Sənətkar ömrü” adlı tədbir keçirilib.

Tədbirdə yubilyarın həyat və yaradıcılığından bəhs edilib. Diqqətə çatdırılıb ki, o, 1943-cü il sentyabrın 15-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutun da (indiki ADMİU) rejissor ixtisası üzrə təhsil alıb. 1966-cı ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb. 1969-1971-ci illərdə Moskvada “Ali rejissorlar və ssenaristlər kursu”nda təhsilini davam etdirib. “Torpaq. Dəniz. Od. Səma” (1967) və “Qanun naminə” (1968) filmlərində rejissor assistenti kimi çalışıb. O, Ş.Mahmudbəyovun 1969-cu ildə lentə aldığı “Şərikli çörək” filmində ikinci rejissor olub.

Xamis Muradov 50-dən artıq sənədli filmin, 20-ə yaxın sənədli ekran işinin ssenari müəllifidir. 1988-2001-ci illərdə “Salnamə” sənədli filmlər studiyasına rəhbərlik edib. 2002-2011-ci illərdə isə “Azərbaycanfilm” kinostudiyasının direktoru olub.

Gecədə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, sənətsevərlər çıxış edərək yubilyara təbriklərini çatdırıblar. Sonda bədii proqram təqdim olunub.

N.Məmmədli