Turizm şirkətlərinin akkreditasiyasının meyarları müzakirə olunub
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 12-də elektron vizaların rəsmiləşdirilməsi ilə əlaqədar şirkətlərin akkreditasiyası şərtlərinin müzakirəsi məqsədilə turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirib. 15 aparıcı turizm şirkətinin rəhbərlərinin iştirak etdiyi görüşdə akkreditə müddəti, turizm şirkətlərinin qarşısında qoyulan minimal tələblər, qaydaların pozulmasına görə müvafiq sanksiyalar, elektron viza sistemi ilə işləyəcək turizm şirkətlərinin əməkdaşları üçün müvafiq treninqlərin keçirilməsi və digər məsələlər müzakirə edilib.
   Turizm şirkətlərinin nümayəndələri yaradılan elektron viza sisteminin turizm sənayesinin qarşısında duran problemlərin həllinə və gəlmə turizmin daha da inkişaf etdirilməsinə, ölkəyə daha çox gəlirlərin cəlb olunmasına zəmin yaradacağına əmin olduqlarını qeyd ediblər.
   Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli Sərəncamına əsasən aidiyyəti qurumlara Azərbaycanda elektron vizanın rəsmiləşdirilməsi sisteminin yaradılması tapşırılıb. Bu mövcud viza rejiminin sadələşdirilməsinə və ölkəmizə gələn turistlərin sayının artırılmasına yönəldilib.