Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1996-cı il 1 iyun

 

Prezident Heydər Əliyev Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Respublika  uşaq musiqi festivalı qaliblərinin Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrında keçirilən yekun konsertində nitq söyləyib.

“Uşaqlar bizim gələcəyimizdir. Müstəqil Azərbaycan Respublikasının bu ağır, çətin keçid mərhələsində daim çalışırıq ki, uşaqlarla əlaqədar olan məsələləri tez və yaxşı həyata keçirək. Məlumdur, biz bunların hamısına nail ola bilmirik. Səbəblərdən biri də Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasıdır... Biz bu ağır günlərdən çıxacağıq. Qaçqınlarımız çadırlardan, ağır vəziyyətdə yaşadıqları yerlərdən çıxacaq, doğma torpaqlarına qayıdacaqlar. Dünyaya yeni övladlarımız, körpələr gələcək. Həyat davam edir, davam edəcək...

...Əsrlərdən-əsrlərə xalqımız istedadlar yetiribdir. Bu gün də biz bu prosesin şahidiyik. Ölkəmiz nə qədər ağır vəziyyətdə yaşayırsa da, xalqımız öz mənəviyyatını, mədəniyyətini, musiqisini, rəqsini heç vaxt unutmayıbdır. Mədəniyyətimiz, incəsənətimiz, musiqimiz xalqımızı ən ağır dövrlərdə də gələcəyə inam ruhunda yaşadıb və bu gün də yaşadır.

Mayın 10-da gənc istedadlarla ilk görüşümdə bəyan etdim və bu gün bir daha təkrar edirəm: ölkəmizin gənc istedadları, istedadlı uşaqları bundan sonra Azərbaycan prezidentinin xüsusi qayğısı altında olacaqlar... İstedadı cəmiyyətə, xalqa göstərmək lazımdır, ona istedadını inkişaf etdirmək üçün kömək etmək, istedada yol açmaq lazımdır. Bu sahədə musiqi məktəbləri, respublikamızın mədəniyyət ocaqları, Mədəniyyət Nazirliyi, mədəniyyətlə məşğul olan təşkilatlarımız çox iş görürlər. Mən musiqi məktəblərinə, həmin məktəblərin kollektivlərinə və bütün mədəniyyət işçilərinə, gənc istedadlara qayğı göstərənlərin hamısına təşəkkürümü bildirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bugünkü konsert gələcək böyük konsertlərə yol açır, Azərbaycanın hər bir guşəsində, şəhərində, kəndində istedadlara qayğı göstəriləcək, onlara yol açılacaq...”.

***

“Oqonyok” jurnalının (Rusiya) Azərbaycana həsr olunmuş xüsusi nömrəsinin Azərbaycan Tarix Muzeyində keçirilən təntənəli təqdimat mərasimində nitq söyləyib.

 

1996-cı il 22 iyun

 

“Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərman imzalayıb. Fərmana əsasən, gənc istedadların “Qızıl kitab”ı, gənc istedadlar üçün xüsusi təqaüd təsis edilib.

Bakı İncəsənət Gimnaziyasının şagirdi Surxay Əsgərovun konsertində olub.

 

1996-cı il 2 iyul

 

Almaniyaya rəsmi səfəri zamanı Bonn şəhərində AFR Prezidenti Roman Hersoq ilə birlikdə Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisinə baxıb.

 

1996-cı il 10 iyul

 

“Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun iştirakçılarına müraciət göndərib. Müraciətdə dünyanın bir çox səyyah və alimlərinin diqqətini cəlb etmiş Naxçıvan haqqında qaynaqlardakı məlumatların toplanıb tədqiq və nəşr olunmasının Azərbaycan tarixi üçün əhəmiyyəti vurğulanıb.

 

1996-cı il 15 iyul

 

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi münasibətilə Dərbənd şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə Füzulinin yaradıcılığı ilə bağlı qardaş Dağıstan alimləri tərəfindən də sanballı tədqiqat işlərinin aparılması təqdirlə qeyd olunub.

 

1996-cı il 22 iyul

 

Azərbaycan təsviri incəsənətinin inkişafında böyük xidmətlərinə görə Xalq rəssamı Maral Rəhmanzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Xalq rəssamı Maral Rəhmanzadəyə 80 illiyi münasibətilə təbrik məktubu göndərib.

 

1996-cı il 3 avqust

 

Azərbaycan Dövlət İncəsənət Muzeyində Xalq rəssamı Maral Rəhmanzadənin yubiley sərgisinin açılış mərasimində çıxış edib.

“...Maral xanım öz sözünü rəsm əsərləri ilə deyir. Biri danışmaq, biri oxumaq-çalmaq, biri də rəsm çəkmək ustasıdır. Bu da təbiidir. Yubileyiniz münasibətilə mən Sizə təbrik məktubu göndərmişəm. “Şöhrət” ordeni ilə təltif edilmisiniz. Bir daha qeyd edirəm ki, yaratdığınız əsərlər Azərbaycan təsviri sənətinin zənginləşməsində böyük rol oynayıbdır. Bu minnətdarlığın ifadəsi olaraq yubiley sərginizin açılışına gəlmişəm.

...Mən o qədər də bilmirdim ki, Siz Naxçıvanın təbiətini belə gözəl əks etdirmisiniz... Naxçıvan elə bir yerdir ki, oraya gedib-qəlmək də çətindir, ona görə bunları görən də azdır. Xınalığı da çəkmisiniz. Bu da çox gözəldir. Azərbaycanın elə guşələri var ki, bunlar abidədir. Bir tərəfdən təbiət abidəsidir, ikinci tərəfdən də insanların dağlar qoynunda yaratdıqları evlər, yaşayış yerləri – bunlar da abidədir... Təəssüf ki, çox şey xarab olur. Güman edirəm, biz bu dövrü də keçib gedəcəyik, onlar da bərpa olunacaqdır... Yaxud Siz Lahıcın gözəlliyini göstərirsiniz. Lahıc özü də Azərbaycanın bir abidəsidir... O şeyi ki, rəssam görür, adi adam bəlkə də bunu dərk edə bilmir. Ona görə də Sizin  yaradıcılığınızın bu xüsusiyyətini mən daha yüksək qiymətləndirirəm...”.

Hazırladı: Vüqar Orxan

(davamı var)