Reza Deqatinin Fransada silsilə sərgiləri davam edir

 

Xəbər verdiyimiz kimi, məşhur fotoqraf Reza Deqatinin Fransanın regionlarında silsilə sərgiləri keçirilir. Bretany regionunun Vannes (Vann) şəhərində “Sükutun dərinliyi” adlı sərgi çərçivəsində fotoqrafın iştirakı ilə konfrans keçirilib. Sözünü, fikirlərini fotoları vasitəsilə çatdıran R.Deqati konfransda hər bir şəklin tarixi və çəkildiyi məqamlar haqqında ətraflı məlumat verib. O, fəaliyyətində daha çox insan amilinə önəm verdiyini bildirib.

Reza Deqati Azərbaycanda çəkdiyi fotolardan da söz açıb, torpaqlarımızın otuz il sürən işğal dərdini bu şəkillər vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırdığını deyib. O, Birinci Qarabağ müharibəsi dəhşətlərinin fotolarda əksindən bəhs edərək mülki azərbaycanlıların erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilməsi, Xocalı soyqırımı haqqında danışıb.

Reza Deqati həmçinin Azərbaycan torpaqlarını azad etdikdən sonra oraya gedib çəkdiyi fotolar, işğal zamanı yerlə yeksan olunmuş, xarabalığa çevrilmiş Ağdam, eləcə də digər şəhər və kəndləri əks etdirən fotolardan da söz açıb. Fotolar arasında İkinci Qarabağ müharibəsində Gəncədə, Bərdədə ermənilərin qadağan olmuş bombaların qurbanı olmuş uşaqların, eləcə də Tərtərdə yeddiyaşlı övladını itirmiş atanın fəryadını əks etdirən fotolar nümayiş olunub.

Məşhur fotoqraf Azərbaycanın tolerantlıq mühitini, eləcə də multikulturalizmini də çəkdiyi şəkillərlə nümayiş etdirir. Udi kilsəsi icmasının azərbaycanlılara iftar süfrəsi açmasını əks etdirən foto maraqla qarşılanmaqla bərabər, müxtəlif dinlərin nümayəndələrinin birgə yaşamasının mümkünlüyünü təsdiqləyir.

Konfransda R.Deqati dünyanın bir sıra bölgələrindəki silahlı münaqişələrdən çəkdiyi fotoları da nümayiş etdirib, müxtəlif ölkələrdəki sərgiləri barədə danışıb.

Konfrans zalının qarşısında fotojurnalistin kitab-albomlarının satışı təşkil olunub. Ziyarətçilər sərgi zalındakı ekranda fotojurnalistin fəaliyyəti və çəkdiyi fotolar haqqında videoçarxa da baxıblar.