Sosial-iqtisadi inkişafa dair Dövlət Proqramının təfsilatlı tədbirləri müəyyən olunub
Naxçıvan Muxtar Respublikasında UNESCO-nun siyahısına salınmaq üçün təqdim ediləcək tarixi-memarlıq abidələri müəyyənləşdiriləcək.
Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında qeyd olunub.
Baş nazir Əli Əsədov tərəfindən müvafiq sərəncam sentyabrın 15-də imzalanıb.
Plana əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə birgə 2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması işini həyata keçirməlidir.
İnventarlaşdırılmış abidələrin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına salınması istiqamətində işlərin aparılması, eləcə də İlkin Siyahıya düşən abidələr arasından Dünya İrs Siyahısına salınacaq abidələrin nominasiya faylının hazırlanıb UNESCO-ya təqdim edilməsi 2024-cü ilə nəzərdə tutulub.
Planda muxtar respublika ərazisində mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və sahənin inkişafı ilə bağlı işlər də əks olunub. Buraya tarix-mədəniyyət qoruqlarının mövcud fəaliyyətinin təhlili və inventarlaşdırılması, muzey müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi; Ordubad şəhərinin qədim məhəllələrini əhatə edən ərazidə dövlət tarix-mədəniyyət qoruğunun yaradılması ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması; Xan sarayı, Möminə xatın türbəsi, Qızlar bulağı, Yay teatrı, Bazarçayı gölü, Köhnə bazar və karvansaranın daxil olduğu tarixi abidələrin bazasında “Naxçıvanın 7 incisi” Tarix-Memarlıq Turizm Kompleksinin yaradılması, həmin abidələrin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması daxildir. Həmçinin Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı üçün yeni binaların tikintisi ilə bağlı layihə sənədlərinin hazırlanması, Naxçıvan şəhərində Muzey Mərkəzinin tikintisi, Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələrində həyata keçirilən tədbirlər üçün onlayn platformalarda bilet satışının təmin edilməsi kimi işlər də qeyd olunub.
Bundan əlavə, regionda turizmin inkişafı istiqamətində Batabat gölünün yaxınlığında və Ordubadda Tematik parkların yaradılması, Ağbulaq massivində qiymətləndirmə işlərinin aparılması, yay-qış turizm kompleksinin yaradılması imkanının araşdırılması, Naxçıvan Muxtar Respublikasının Turizm Atlasının hazırlanması, Batabat Astrofizika Rəsədxanası üçün tematik turistik mərkəzin tikintisi, dağ cığırları əsasında piyada marşrutlarının yaradılması, Naxçıvan Muxtar Respublikasına xarici tur operatorlarının səfərinin təşkili nəzərdə tutulur.