Azərbaycan Milli Kitabxanasının 100 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfrans

 

Bu il M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyidir. Prezident İlham Əliyev 24 iyun 2023-cü il tarixində, ölkənin mədəni-ictimai həyatında rolunu və kitabxana işinə töhfələrini nəzərə alaraq, Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Kitabxanasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə 20-21 sentyabr tarixlərində “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Sentyabrın 20-də öncə tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Milli Kitabxananın foyesində təşkil olunan konfrans himnimizin səslənməsi ilə başlayıb. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Milli Kitabxanası haqqında qısa sənədli film nümayiş olunub.

Milli Kitabxananın direktoru Kərim Tahirov beynəlxalq elmi-praktik konfransın plenar iclasını açıq elan edib.

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə kitabxananın əməkdaşlarına təbriklərini çatdırıb. Kitabxanaların dünya mədəniyyətinin təbliğində böyük rol oynadığını söyləyən nazir deyib: “Ötən əsrin 90-cı illərinin sonlarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət öz nəticələrini verməyə başlamış, həmçinin mədəniyyət sahəsinə diqqət və qayğısının nəticəsi olaraq Milli Kitabxananın fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər özünü göstərmişdir. Bu gün Milli Kitabxana xalqımızın Ümummilli lideri Heydər Əliyevin mədəniyyət siyasətini böyük uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində özünün çiçəklənmə dövrünü yaşayır və günü-gündən inkişaf edərək, dünyanın ən modern kitabxanalarının sırasına daxil olmuşdur”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 100 illik yubiley münasibətilə Milli Kitabxananın əməkdaşlarını təbrik edib. O, kitabxana işçilərini mədəniyyətimizin qoruyucuları adlandırıb, ölkəmizdə kitaba, kitabxanaya verilən xüsusi dəyərdən danışıb. Natiq Azərbaycanda kitabxana ənənələrinin qədimliyindən bəhs edərək, eyni zamanda Abbasqulu ağa Bakıxanovun şəxsi kitabxanasının Sankt-Peterburq kitabxanasında qorunduğunu da vurğulayıb.

Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda da həmkarı Kərim Tahirova və Milli Kitabxananın bütün kollektivinə əlamətdar yubiley münasibətilə təbrik sözlərini ifadə edib.

Milli Məclisin deputatı akademik Nizami Cəfərov ölkəmizdə kitabxanalara milli şərəfimiz kimi baxıldığını söyləyib, kitabxanaları tarixi coğrafiya adlandırıb. O, Milli Kitabxananın xalqımızın intellektinin formalaşmasındakı rolundan danışıb, kitabxananın biblioqrafiyalaşdırma sahəsindəki, milli biblioqrafik repertuarımızın yaradılmasında əhəmiyyətini qeyd edib.

Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsinin təkcə kitabxanaçılar üçün deyil, həmçinin bütün oxucu nəsli üçün də əlamətdar olduğunu bildirib.

Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnolo konfransda iştirak üçün dəvətə görə minnətdarlığını bildirib, kitabxanaları məbədgah adlandırıb.

Konfrans plenar iclaslarla davam edib.

Azərbaycan Milli Kitabxanasının direktor müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanası Azərbaycan xalqının mənəvi yaddaşının qoruyucusudur”, Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda “Kitabxanaların fəaliyyətinin strateji istiqamətləri”, Roma Milli Mərkəzi Kitabxanasının direktoru Stefano Campagnolo “Yeni üfüq. Milli kitabxanaların gələcəyi necədir?”, Qətər Milli Kitabxanasının direktoru Tan Huism “Toplayın, qoruyun və məşğul olun: Qətər Milli Kitabxanasının təcrübələri” mövzularında çıxış ediblər.

Martynas Majvydas adına Litva Milli Kitabxanasının direktoru Renaldas Gudauskasın “Litva Milli Kitabxanası yaradıcı prosesdə”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədovun “Cəmiyyətin informasiya təminatında milli kitabxanaların rolu” və M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzminin “Kitabxana mədəniyyətlərarası dialoqun mərkəzi kimi” mövzularda çıxışları da dinlənilib.

Daha sonra Azərbaycan Milli Kitabxanasının Pakistan, Rusiya, Litva Milli kitabxanaları, Roma Mərkəzi Milli Kitabxanası və Makedoniyanın Kliment Ohrid Universitet və Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlığına dair memorandumların  imzalanma mərasimi keçirilib.

Qonaqlar yubiley münasibətilə hədiyyələrini Milli Kitabxanaya təqdim ediblər.

Konfrans iştirakçıları “Milli Kitabxananın “qızıl fondu”ndan”, “Milli musiqi xəzinəmizdən” və “Milli Kitabxananın nəşrləri” adlı kitab sərgilərinə də baxıblar.

***

Sentyabrın 21-də Milli Kitabxananın zalında beynəlxalq konfrans işini davam etdirib.

Tədbir çərçivəsində Avrasiya Kitabxanalar Assambleyasının növbəti toplantısı keçirilib.

Özbəkistan Milli Kitabxanasının direktoru, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) vitse-prezidenti Umida Teşabayevanın “Mərkəzi Asiya ölkələrinin sərhədyanı ərazilərindəki kitabxanaların qarşılıqlı əlaqəsi” mövzusunda məruzəsi dinlənilib.

Belarus Milli Kitabxanasının direktoru Vadim Gigin, B.N.Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Yuri Nosov, Udmurt Respublikası (RF) Milli Kitabxanasının direktoru Tatyana Tensina və Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Qronski BAE üzvü olan kitabxanaların 2023-cü ilin ikinci yarısında tədbirləri barədə danışıblar.

Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin prezidenti Vadim Duda və M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin digər məsələ – 2024-cü ildə A.S.Puşkinin anadan olmasının 225 illiyinin qeyd olunması çərçivəsində layihə və tədbirlərin hazırlanması ilə bağlı təkliflər veriblər.

Həmçinin 2025-ci ildə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş BAE tədbirlərinin planı ilə bağlı təkliflər səsləndirilib, nəzərdə tutulan layihələr dəstəklənib.

Rusiya Dövlət İncəsənət Kitabxanası BAE-yə yeni üzv qəbul edilib, Rusiya Dövlət Kitabxanası Beynəlxalq şöbəsinin müdiri İrina Qayşun BAE-nin növbəti dörd ildə (2027-ci ilin sentyabrınadək) baş direktoru seçilib.

***

Sonda konfrans məruzələrlə davam edib. Kitabxana fondlarının formalaşdırılması, qorunması, bərpası, rəqəmsal biblioqrafiya, kitabxanaların modernləşdirilməsi, təcrübə mübadiləsi, ixtisasartırma, uşaq ədəbiyyatı, uşaqlarla iş kimi və s. məsələlərə dair   Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu, Vatikan Kitabxanasının direktoru Mauro Mantovani, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru İsmət Ovçina, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtcamal Ospanova, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktor müavini Maria Belokolenko, Moldova Respublikası Milli Kitabxanasının direktoru Elena Pintilei və başqa iştirakçıların məruzələri dinlənilib. Çıxışlar əsasında fikir mübadiləsi aparılıb.

İclasda həmçinin “Azərbaycan Milli Musiqi Kitabxanası” layihəsinin təqdimatı olub.

Bununla da konfrans işini başa vurub.

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub. Tədbirdə beynəlxalq konfransın iştirakçıları da, yubileyə təşrif buyurmuş qonaqlar da iştirak ediblər.