Sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli antiterror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının sülhməramlı kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın beş hərbi qulluqçusu həlak olub.

Bu barədə Baş Prokurorluğun məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, bundan başqa, həmin gün sözügedən yaşayış məntəqəsinin ərazisində RSK-ya məxsus “Kamaz” markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb və istintaq aparılır.