Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki Akaki Seretelinin (1840-1915) seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

Tərcümə Mərkəzindən bildirilib ki, kitaba şairin Vətən, təbiət, həyat, ölüm, məhəbbət, eləcə də digər mövzularda qələmə aldığı “Son nəfəsdə”, “Müqəddəs Nino”, “Tərbiyəçi” poemaları, “Çal saçlar”, “Bahar”, “Sübh çağı”, “Coş, ey dəniz!”, “Arzu”, “Sirli namə”, “Yarasa”, “Xəncər” kimi şeirləri daxil edilib.

Akaki Seretelinin yaradıcılığından nümunələr Azərbaycan mətbuatında yayımlansa da, kitab halında oxuculara ilk dəfə təqdim edilir.

Əsərləri orijinaldan tanınmış şair-tərcüməçi İmir Məmmədli çevirib. O, həmçinin kitaba “Akaki Seretelinin özü və sözü haqqında” adlı ön söz yazıb. Kitabın redaktoru Şəfiqə Şəfadır.