24-29 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə "ART–ORDO 2023" IX Beynəlxalq Teatr Festivalı keçiriləcək. Ənənəvi festival bu il Qırğızıstan teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Baken Kıdıkeyavanın (1923-1991) 100 illiyinə həsr olunub.

Beynəlxalq festivalda ölkəmizi Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Festivalda teatrın repertuarından "İnanıram" monotamaşa nümayiş olunacaq.

Yazıçı Ülviyyə Heydərovanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edir.

Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Həmin qadın gənc yaşlarında dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən yamacda təkbaşına boy atan bir ağac görür. Elə bu ağacın kölgəsində oturarkən də ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ, izahsız rabitə yaranır. Bir müddət sonra həmin ərazi işğal olunur, artıq ana olmuş arxeoloq qadın da artıq bu yerlərdən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən anasının haqqında çox bəhs etdiyi o ağacı tanımadan şəhid olur. İndi qadının bu dünyada, sadəcə, bir sığınacağı var – o ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün işğaldan azad edilmiş yamaca qayıdır və bütün olanları ona nəql edir...

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.