Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının (BTİK) təşkilatçılığı ilə 2024-cü ilin may-iyun aylarında Qazaxıstanın Alma-Atı şəhərində beynəlxalq teatr forumu keçiriləcək.
MDB, Baltikyanı ölkələr və Gürcüstandan gənc rejissorların tamaşaları arasında seçim aparmaq məqsədilə Beynəlxalq Teatr İttifaqları Konfederasiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə BTİK Ekspert şurasının üzvləri sentyabrın 21-də ölkəmizə səfərə gəlib.
Nümayəndə heyətində BTİK-nin məsul katibi İrina Troitskaya, Rusiya Dövlət İncəsənət İnstitutunun böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Mariya Xalizeva və həmin institutun Teatr sektorunun elmi işçisi Mariya Lvova yer alıb.
Qonaqlar sentyabrın 22-də ATXİ-də və Azərbaycan Dövlət Kukla Teatrında olub,
ATXİ-nin sədri vəzifəsini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə görüşüb, hər iki sənət ocağının fəaliyyəti ilə maraqlanıblar.
Nümayəndə heyəti Kukla Teatrında rejissor Anar Məmmədovun eyniadlı Azərbaycan xalq nağılı əsasında quruluş verdiyi “Məlikməmməd”, ATXİ-də isə rejissor Ümid Abbasın quruluşunda “Mühacirlər” (S.Mrojek) tamaşalarını izləyiblər.
Səmimi qarşılama və yaradılan şəraitə görə hər iki mədəniyyət ocağının rəhbərliyinə təşəkkür edən Ekspert şurasının üzvləri nəticələrin nəzərdə tutulan bütün namizədlərin tamaşalarına baxışdan sonra məlum olacağını bildiriblər.