Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əl işləri sərgi-müsabiqəsi başa çatıb.

Sentyabrın 22-də Naxçıvan Dövlət Rəsm Qalereyasında müsabiqənin yekun tədbiri və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən NMR mədəniyyət nazirinin müavini Həsən Seyidov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət mədəniyyət siyasətindən bəhs edib. Vurğulayıb ki, mədəniyyətin bütün sahələrinin inkişafı, onun qorunması, təbliği, gənc nəslin bu ruhda tərbiyələndirilməsi bu gün də Azərbaycanın mədəniyyət siyasətinin prioritetlərindəndir.

H.Seyidov qeyd edib ki, iki yaş qrupu üzrə keçirilən müsabiqədə 48 iştirakçının 68 əl işi “Ən yaxşı toxuma”, “Ən yaxşı rəsm” və “Ən yaxşı əl işi” nominasiyaları ilə qiymətləndirilib.

Sonra qaliblər NMR Mədəniyyət Nazirliyinin diplomu, nominasiyalar üzrə fərqlənən iştirakçılar isə fəxri fərmanla təltif ediliblər.

Tədbirdə həmçinin Ümummilli liderin 100 illik yubileyi münasibətilə bu ilin aprel ayında keçirilmiş “Folklorumuzun söz yaddaşı” adlı bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb. Fərqlənənlərə nazirliyin fəxri fərmanları verilib.

Sonda sərgiyə baxış olub.