Xəbər verdiyimiz kimi, 25-26 sentyabr tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı keçirilir.

Konfransda mədəniyyət naziri Adil Kərimli tərəfindən Azərbaycanın qədim söz-sənət beşiklərindən olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb. Konfrans iştirakçılarının yekdil qərarı ilə 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Qarabağımızın incisi Şuşa şəhəri “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan qala-şəhərimizin tarixi şöhrəti özünə qaytarılır. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədən və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib.

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub, şəhərdə aparılan quruculuq işləri yüksək qiymətləndirilib.

Bundan əlavə, Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşada gerçəkləşdirilən bərpa və quruculuq işləri, eləcə də Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə Mehriban xanımın yaxından dəstək göstərməsi səsvermənin ölkəmizin xeyrinə nəticələnməsində xüsusi rol oynayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunmuşdu. Şuşa bu il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir.

Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi  edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.