Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu, bəstəkar Nizami Əliyevin 50 illik yubileyinə həsr olunmuş “Duyğu” adlı solo konsert proqramı təqdim olunub.

Musiqiçinin yubiley konsertində sənət dostları da onunla eyni səhnəni bölüşüblər. Sevilən ifaçı Cəlal Abbasov, Əməkdar artist Tofiq Cabbarov (zərb alətləri) və başqaları öz musiqi töhfələri ilə konsertə rəng qatıblar.

Gecədə xalq və bəstəkar mahnıları ifa olunub. Yubilyarın müəllifi olduğu kompozisiyalar da konsertin əsas hissəsini təşkil edib. Bu silsilədən “Vaqif xatirəsi”, “Bağ mövsümü”, “Tənxar gəlmişəm”, “Odlar yurdu” əsərləri tamaşaçıların alqışları ilə qarşılanıb. Bəstəkar mahnıları, müxtəlif janrlar üzərində gəzişmələr pianoçunun yubiley konsertində tamaşaçılara xoş əhval bəxş edib.

Qeyd edək ki, özünəməxsus ifa tərzi ilə seçilən pianoçu Nizami Əliyev yaradıcılığında milli və caz kompozisiyalara üstünlük verir. Onun bir-birindən maraqlı aranjimanla təqdim etdiyi milli rəqslər, xalq mahnılarımız musiqisevərlər tərəfindən hər zaman böyük rəğbələ qarşılanır.

Lalə Azəri