Dünya şöhrətli opera müğənnisi, keçmiş SSRİ-nin Xalq artisti Bülbülə (Murtuza Məmmədov; 1897-1961) həsr olunmuş “vokal məktəbi” yaradılıb.

Bülbülün Memorial Muzeyindən verilən məlumata görə, məktəbin ideya müəllifi Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımovdur.

Ramil Qasımov deyib ki, Azərbaycanda klassik vokal ənənələrinin formalaşması, geniş vüsət alması, elmi vokal laboratoriyanın, Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) Solo oxuma və opera hazırlığı kafedrasının yaradılması məhz Bülbülün adı ilə bağlıdır. O bildirib ki, məktəbi yaratmaq ideyası onda çoxdan yaranıb və dəfələrlə Xalq artisti Polad Bülbüloğlu ilə bu barədə danışıb.

“Bildiyiniz kimi, mənim ustadım Mobil Əhmədov Bülbülün tələbəsi olub. Bu gün müəllimlərimiz tədrisdə müxtəlif vokal texnikalarından istifadə edir. Bunlar təqdirəlayiqdir. Mənim təqdim edəcəyim “vokal məktəbi” isə məhz Bülbülün bizə miras qoyduğu Azərbaycan milli vokal elmi əsaslara söykənərək bizə məxsus dil fonetikasına köklənir. Qərara gəldim ki, bu missiyanı öz üzərimə götürüm. İlkin olaraq 5 tələbəni seçərək təmənnasız olaraq davamlı məşqlərə başlayacağam. Düşünürəm ki, qısa zamanda əsl səslər eşidəcəyik”, – deyə Əməkdar artist vurğulayıb.

Ramil Qasımov həmçinin Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyətə başladığını və göstərilən bu etimadı da doğruldacağını qeyd edib.