Xəbər verdiyimiz kimi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkənin mədəni irsini, incəsənətini, tarixi abidələrini, özünəməxsus kulinariyasını dünyaya daha dolğun şəkildə tanıtmaq məqsədi daşıyan “Türkiyə Mədəniyyət Yolu Festivalları” adlı irimiqyaslı layihə həyata keçirilir.

2021-ci ildə ilk dəfə İstanbulda “Beyoğlu Mədəniyyət Yolu Festivalı” ilə əsası qoyulan, 2022-ci ildə Ankara, Çanaqqala, Diyarbəkir, Konya, Nevşehir kimi şəhərləri də əhatə edən festivallar proqramı Türkiyə Cümhuriyyətinin 100-cü ilində xüsusilə geniş şəkildə təşkil edilib.

“Türkiyə Mədəniyyət Yolu Festivalları – 2023”ün növbəti ünvanı 23-30 sentyabr tarixlərində Mövlanənin (Cəlaləddin Rumi) şəhəri – dünyada mistik musiqinin görüşmə nöqtəsi sayılan Konyadır. Buradakı silsilə tədbirlərin sırasına hər il müxtəlif ölkələrdən sənətçiləri bir araya gətirən Beynəlxalq Konya Mistik Musiqi Festivalı da daxildir.

Sentyabrın 23-də 20-ci Beynəlxalq Konya Mistik Musiqi Festivalı başlayıb. Konya Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi festivalın ilk günü Mövlanə meydanında 250 “səma rəqqası”nın iştirakı ilə möhtəşəm göstəri – “Səma ayini” (“Ayin-i Şerif”) şousu təqdim olunub.

Festivalın tədbirləri həm açıq havada (Karatay, Kayalıpark, Kılıçarslan, Mövlanə, Zəfər meydanları, Mövlanə Muzeyinin bağçası), həm də şəhərin mədəniyyət mərkəzlərində gerçəkləşir. O cümlədən Daş Bina Mədəniyyət və İncəsənət Mərkəzində müxtəlif sərgilər, ebru sənəti nümayişi və s. proqramlar təşkil olunub.

Beynəlxalq Konya Mistik Musiqi Festivalına həm ölkənin bölgələrindən, həm də xarici ölkələrdən kollektivlər qatılıb.

24 sentyabrda Kılıçarslan meydanında “Zakiran Nevbe Camaatı Bektaşi Nəfəsləri” ansamblı çıxış edib. Sentyabrın 25-də İstanbul Dövlət Müasir Xalq Musiqisi Ansamblı sənətsevərlərlə görüşüb.

Proqram çərçivəsində sentyabrın 26-da Əlcəzairdən gələn ifaçılar Şimali Afrika sufi musiqisi konserti təqdim edəcəklər. Sentyabrın 27-də Şanlıurfa Dövlət Türk Xalq Musiqisi Ansamblının konserti və Birləşmiş Ərəb Əmirliklərindən gələn festival iştirakçılarının təqdimatında bədəvi musiqisi axşamı olacaq. Sentyabrın 28-də festivalın daha bir qonaq kollektivi – Qazaxıstandan “Yesefi” qrupu Xoca Əhməd Yəsəvi irsindən təqdimatla sənətsevərlərin qarşısına çıxacaq.

Onu da qeyd edək ki, Konyada Mədəniyyət Yolu Festivalına müxtəlif ölkələrdən mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, media mənsubları da qatılıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdində Turizm Tanıtım və İnkişaf Agentliyi – TGA-nın təşkilatçılığı ilə Azərbaycan, Özbəkistan, Qırğızıstan, Bosniya-Herseqovina, Macarıstan, Rumıniya və Serbiyadan media mənsubları festival çərçivəsində  tədbirləri izləyirlər.

V.Kamal