Şahmar Ələkbərovun yubiley gecəsi keçirildi

 

Cəmi 49 il yaşayan və başqalarının iki qırx doqquza sığdıra bilmədiklərini bizlərə miras qoyub gedən Xalq artisti, görkəmli kinoaktyor və rejissor Şahmar Ələkbərovun (1943-1992) 80 illik yubiley gecəsi...

Nizami Kino Mərkəzində belə sıxlığı çoxdan görmürdüm. Parter, lojalar, yuxarı zal – qısacası, iynə atsan yerə düşməzdi. Onlarla insan da ayaq üstə. Foyedəki böyük lövhənin qarşısı, monitordakı şəkli ilə dolan boş səhnə gül dəstələrinə qərq olmuşdu.

Şəkildən boylanan məhrəm, doğma baxışların – qapqara qıyıq gözlərin,  təbəssümünü bəyan edən cizgilərin, təpədən-dırnağa ləyaqət yağan duruşun işığına kimlər gəlməmişdi. Azərbaycan mədəniyyəti və incəsənətinin tanınan və sevilən simaları Şahmar haqqında danışmaq, yaxud danışılanları dinləmək üçün səf tutmuşdular.

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə sentyabrın 23-də gerçəkləşən yubiley tədbirindən öncə bir qrup kino xadimi sənətkarın ailə üzvləri ilə birgə II Fəxri xiyabanda  Şahmar Ələkbərovun məzarını ziyarət etmişdi.

Səmimiyyət və sevgi dolu yubiley gecəsini, səbəbkarsız keçən növbəti kövrək xatirə ladlı tədbiri giriş sözü ilə Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açdı. Torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Cəmil Quliyev qısa, ancaq dolğun sənətkar ömrünə nəzər saldı. Həyatının ən çətin anlarında hər zaman Şahmar Ələkbərovun dəstəyini hiss etdiyini, onun istedadı və ən əsası insanlığı barədə danışdı.

Tədbir boyu hər kövrək xatirəsini Şahmar əmi xitabı ilə başlayıb-bitirən tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi Elxan Cəfərovun özəl təqdimat və keçidlərində zaman-zaman yolu Ş.Ələkbərovla kəsişən sənətkarların parlaq, Şahmarlı yaddaş dəftərçələri vərəqləndi.

Məsələn, Xalq artistləri Şəfiqə Məmmədova, Vaqif Mustafayev, Tariyel Qasımov, Əbdül Mahmudov, Həmidə Ömərova, Fəxrəddin Manafov, Əməkdar artist Loğman Kərimov, Əməkdar incəsənət xadimi Ayaz Salayev bizə bir sənətkar ömrünün, bütün bunlardan öncə, bir ləyaqətli kişi həyatının ayrı-ayrı anlarından bəhs etdilər. Beləcə, biz onun gah qayğısız uşaqlığına, gah parlaq gəncliyinə, gah da dolğun yaradıcılıq yoluna səyahət edə bildik.

Hələ illər əvvəl verdiyi müsahibəsində “Aktyor üçün bütün rolları əzizdir. Çünki canıyanan, qanıynan, bütün beyniynən yaradır. Ona görə ki, hər bir rolda – kiçiyində də, böyüyündə də həyatının bir hissəsini qurban edir. Əgər tam özünü rola həsr etməsən, onu özündə hiss eləməsən, onun istək və arzuları ilə yaşamasan, deməli, o rolu tamaşaçı qəbul eləməyəcək və yaxşısı budur o rolu oynama” deyən aktyorun səsinin hərarəti zala yayıldıqca alqış gurultusu qopdu. Çünki o, məhz dediyi kimi – lap sözünün ağası aktyor idi və istər çəkildiyi, istərsə də çəkdiyi filmlərə ruh və vücud olaraq bütünlükdə özünü fəda etmişdi...

Sözsüz ki, çıxışların emosional gücünü artıran, səhnəyə çıxan hər kəsi başqa bir yönə dartıb aparan sehr və güc yenə Şahmarın özü idi: tələbəlikdən başlayan, lakin qısa müddət davam edən teatr aktyorluğunun fotoyaddaşı, ağ-qara kino kadrları və milyon səsdən seçilən avazındakı xatirələri... İstər çəkildiyi, istərsə də çəkdiyi filmlərdən epizodlar böyük monitorda hərəkətə gəldikcə, insan zəkası zaman maşınına meydan oxuyurmuş kimi hər kəsin üzündə Şahmar Ələkbərovla ünsiyyətdəymiş kimi sevinc və həyəcan qarışıq bir işıltı yaranırdı.

Tədbir boyu özümə bu sualı verdim: Şahmar cəmi 49 il yaşadı. Amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yaza bildi. Özü də rola-zada girmədən. Çox sadə və təbii, lap özü kimi. Yaxşı, bəs bunun sirri nədə idi? Heç cavab da özünü çox gözlətmədi: o, xalqın içindən çıxıb, onun dilində danışmağı bacaran sadə insan idi...

Xatirə gecəsində Xalq artisti Mənsum İbrahimovun və Əməkdar artist Ceyla Seyidovanın ifaları ovqatın musiqili ifadəsində təsirli idi.

O sənət soraqlı gecə ilə bağlı bir etirafımı demək istəyirəm: xatirələri dinlədikcə bilmədim onun teatrdan getməsinə üzülüm, yoxsa məhdud sayda tamaşaçının görəcəyi səhnədən qopub, böyük ekrana gəlməsinə sevinim. Hərçənd o, şübhəsiz ki, milli teatr səhnəmizdə də öz bənzərsiz imzasını qoyacaqdı. Təsadüfi deyil ki, Azərbaycan Teatr İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil almışdı. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunmuş bir neçə tamaşada uğurla çıxış etmişdi. Amma teatrda qalmamışdı. Səbəbi də naməlum...

***

Böyük sənətkar Adil İsgəndərоv onu da kinostudiyanın nəzdində yaratdığı “kino aktyorluğu” studiyasına dəvət edir. Şahmar beləcə, “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyətə başlayır və ömrünün sonunadək kinoya sadiq qalır. Bütün yaradıcılığı boyu dublyajda da işləyir. Amma kino, bu unikal sənət sahəsi onu bütünlükdə ağuşuna alır. Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli-mənəvi dəyərlərimizin, ailə modelimizin, azərbaycanlı kişi obrazının ən qiymətli nümunələridir. Bunun səbəbi isə, sözsüz ki, aktyorun sadə, Vətənin hər bir bucağında eyni cür qəbul olunan və sevilən keyfiyyətləri ekrana daşıması, şəxsi nümunəsində olduğu kimi təqdimatı idi. Bəli-bəli, şəxsi nümunəsində...

Ümumiyyətlə, 49 illik ömrün 20 ilə sığan yaradıcılıq dövründə Fərrux ilə “Dağlarda döyüş”dən başlamış yol Qəzənfər (“Yeddi oğul istərəm”), Məzahir (“Mən ki gözəl deyildim”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), İbrahim (“Qanlı zəmi”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Qatır Məmməd”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Tahir (“Gözlə məni”), İbrahim (“Atları yəhərləyin”) və s. ilə fərqli-fərqli cizgi və xarakterlərdəki insan taleləri yaratdı.

Amansız xəstəliklə çarpışdığı ağır illərdə də kinodan qopa bilməyən Şahmar özünü rejissor kimi sınamaq istədi. Buna yaradıcılıq arzularının, sonsuz istedad və biliyin qalaqlanmış ehtiyatının xərclənməsi arzusu da demək olar. Beləcə, “İmtahan”, “Qəzəlxan” və “Sahilsiz gecə” kimi tam fərqli üslub və ideyalı ekran əsərləri ortaya çıxdı.

Məncə, elə yazını da onun “Qəzəlxan” filmi ilə bağlı nadir səs yazısından qəzet səhifəsinə köçürməklə bitirsək, yaxşıdır. Çünki zamanında məhz bu filmə görə də yerli-yersiz söz-sov olmuş, o isə...

“Çox uzun-uzadı müzakirə olundu bu ssenari. Biz belə qaydalara öyrəşmişik ki, ssenari yazılar, hər bir hadisənin süjeti olar, hadisələr də müəyyən bir süjet ətrafında qurular. Amma bu ssenaridə – bəlkə də bu mənim naşılığımdan irəli gəlir – aydın bir süjet xətti yoxdur. Bu, mozaika üsulunda yazılmış ssenaridir. Yəni Vahid ovqatını, Vahidin ruhunu yaratmaq üçün ayrı-ayrı, əlaqəsiz rənglərin mozaikasını yaratmağa çalışdım. Məsələ burasındadır ki, bu ssenari Loğmana (Loğman Kərimov – red.) görə yazılıb. Loğman olmasaydı, heç bu ssenari də olmazdı. Onu görəndən sonra Vahidi gördüm və düşündüm ki, bu aktyor mütləq gərək Vahidi oynasın. Çəkiliş meydançasında olan hər kəs Loğmanın hərəkətlərini Vahid kimi qəbul edirdi. Filmdəki toyxana səhnəsinin çəkilişi üçün Vahidin kəndinə – Masazıra getdik. Onun yerlilərini də kütləvi səhnədə iştiraka dəvət etdik. Çəkiliş başladı və Loğman qrimdə içəri girdi. Ağarza adlı yaşlı kişi öz ləhcəsi ilə “Ala bunu hardan tapmısan? Lap Əliağadur ki” dedi”...

Həmidə Nizamiqızı