Türkiyəli tanınmış rəssam, ebru ustası Nilgün Ayşecik Çevikin Möminə xatın türbəsinə həsr olunmuş əsəri “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə hədiyyə edilib.

Bu münasibətlə sentyabrın 21-də “Xan sarayı” kompleksində tədbir təşkil olunub.

Naxçıvan MR Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin ölkəmizdə muzey sahəsinin inkişafına diqqət və qayğısı haqqında məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı NMR-in bəzi tarix-memarlıq abidələrinin, eləcə də Möminə xatın türbəsinin UNESCO-nun Dünya İrs Siyahısına salınması istiqamətində iş aparılır.

Milli Məclisin deputatı, NMR Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva deyib ki, müəllif əsəri bu ilin mayında keçirilmiş “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalı zamanı ərsəyə gətirib.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Möminə xatın türbəsinin türkiyəli bir çox rəssam tərəfindən kətan üzərinə köçürüldüyünü deyib.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.

N.Məmmədli