AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Rəhim Əliyevin ideya müəllifliyi və tərtibçiliyi ilə tanınmış ictimai-siyasi və dövlət xadimi, yazıçı, tərcüməçi, ədəbiyyatşünas, qüdrətli publisist Mir Cəfər Pişəvərinin (1892-1947) “Gizli imzalı məqalələr (1945-1946)” kitabı işıq üzü görüb.
Kitabı ərəb əlifbasından Hökümə Allahverdiyeva, farscadan İbrahim Quliyev Babək, Yədulla Kənani, Arif İbrahimov, Hökümə Allahverdiyeva və Həsən Səfəri çeviriblər. Filologiya elmləri doktoru Rəhim Əliyev nəşrə “M.C.Pişəvəri “Azərbaycan” qəzetində və ya gizli “Novruz” imzası haqqında” adlı geniş ön söz yazıb.
M.C.Pişəvərinin “Azərbaycan” qəzetində müxtəlif imzalarla çoxlu məqalələri çıxıb. Bu kitabda ilk dəfə olaraq ancaq “Novruz” gizli imzası ilə 80 il əvvəl dərc edilmiş anadilli və farsca məqalələrin tərcümələri yer alıb. Nəşrdə Pişəvərinin öz müəllimi, mütəfəkkir, siyasətçi Şeyx Məhəmməd Xiyabani (1880-1920) haqqında geniş araşdırması da ilk dəfə təqdim olunub.
Bütün bu faktların kitab şəklinin səksən il yubanması sovet rejiminin Cənubi Azərbaycandakı Milli Hökumətin tarixinə və M.C.Pişəvərinin o dövrdə fəaliyyətinə qoyduğu senzura ilə bağlı idi. 1945-1946-ci illəri əhatə edən M.C.Pişəvərinin “Azərbaycan” qəzetində dərc olunan gizli imzalı məqalələrindən ibarət kitab güneyli-quzeyli ədəbiyyatımızı və tariximizi araşdıran tədqiqatçılar üçün maraqlı mənbələrdəndir.