Qala-şəhərimiz 2024-cü ildə müsəlman aləminin “mədəniyyət paytaxtı” olacaq

 

Xəbər verdiyimiz kimi, 25-26 sentyabr tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı keçirilib.

“İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunan konfransda Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Tədbirdə Azərbaycanın qədim söz-sənət beşiklərindən olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb. Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülüb. 

2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan qala-şəhərimizin tarixi şöhrəti özünə qaytarılır. Prezident İlham Əliyevin nəzarəti və diqqəti ilə Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən şəhərdəki tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib.

Bildirilib ki, Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası ölkəmizdə olub və Şuşada aparılan bərpa-quruculuq işlərini təhlil edib.

Şuşanın bu statusa namizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən mühüm dəstək verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunmuşdu. Bu il isə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Qala-şəhərimiz artıq üçüncü ildir beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi edir, bu qədim yurdumuzdan dünyaya sülh, birlik və humanizm mesajları verilir.

Xatırladaq ki, 2009-cu ildə Bakı şəhəri, 2018-ci ildə isə Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” missiyasını yerinə yetirib.