“Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq”
Xəbər verildiyi kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Azərbaycanda rəsmi səfərdə olub. Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü keçirilib.
Görüşdən sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb. Dövlət başçıları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.
Türkiyənin bu ilin fevralında zəlzələdən böyük ziyan görmüş Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında əməkdaşlıq sazişi və iki ölkə arasında energetika sahəsində əməkdaşlığa dair anlaşma memorandumu da imzalanıb.
Münasibətlərimizin tarixində önəmli hadisə
Sənədlərin imzalanması mərasimindən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.
“Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, – o zaman o, Naxçıvanın başçısı idi, – Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. İşıq yox, qaz yox, qışlar da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır.
Ancaq 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq”, – deyə İlham Əliyev bildirib.
Ölkə başçısı qeyd edib ki, üç gün sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcək: “Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır”.
Azərbaycanın artıq Qarabağ bölgəsində də öz suverenliyini tam təmin etdiyini diqqətə çatdıran İlham Əliyev deyib: “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”.
Ən ali kürsüdən qardaş dəstəyi
“Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu həm həqiqətdir, eyni zamanda beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.
İki il bundan əvvəl Şuşa şəhərində – uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində Şuşa Bəyannaməsi – müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”, – deyə Prezident İlham Əliyev bildirib.
Prezident qeyd edib ki, Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir: “Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.
Biz bu gün Sizinlə, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən Sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Yəni, bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik...”.
Bölgədə normallaşma üçün yeni fürsət...
Prezident seçkilərindən sonra ilk səfərimi iyun ayında Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etmişdim. Bu dəfə sizinlə Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram. 2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm.
Bu fikirləri isə azərbaycanlı həmkarı ilə mətbuata bəyanatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yerə sahibdir. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq”.
Azərbaycanın İkinci Qarabağ müharibəsindən keçən üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi legitim və haqlı narahatlıqlarının qarşılanmadığını bildirən Türkiyənin lideri deyib: “Azərbaycan nəticədə özünün suveren ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qalıb. Bu tədbirlərin son dərəcə qısa müddətdə, mülki şəxslərin hüquqlarına yüksək həssaslıq göstərilərək uğurla başa çatdırılması bizim üçün qürur mənbəyi olmuşdur...
Naxçıvanın görkəmli şairi, Mehmet Akifin əqidə yoldaşı mərhum Hüseyn Cavidin bir əsr əvvəl etdiyi bu duasının qəbul olunduğunu görməyin xoşbəxtliyini yaşadıq:
Hər bəladan əsirgə yurdumuzu,
Kamran еylə şanlı ordumuzu...
Müzəffər Azərbaycan Ordusunu həm tarixi Qələbəsi, həm də mülki şəxslərə göstərdiyi humanist davranışı münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər.
Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”.
***
Sentyabrın 25-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında da iştirak ediblər.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçılarına raport verib.
Prezidentlər hərbi kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.
Məlumat verilib ki, hərbi kompleks 1 mərkəz, 8 təmir müəssisəsi və 10 sahədən ibarətdir. Burada müxtəlif növ texnikaların təmiri və bərpası üçün 300-dən çox avadanlıq quraşdırılıb. Eyni zamanda, idarəetmə, yataqxana və təminat binası inşa edilib.
***
Türkiyə Prezidentin Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 25-də başa çatıb. Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısını Prezident İlham Əliyev yola salıb.