Anım Günü münasibətilə Hüseyn Cavidin Ev-Muzeyində “27 sentyabr Vətən müharibəsinin başlanma və möhtəşəm Qələbəmizin tarixidir” adlı tədbir keçirilib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, artıq üçüncü ildir Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 27 sentyabr tarixi ölkəmizdə Vətən müharibəsi şəhidlərimizin Anım Günü kimi qeyd edilir: “Bu gün biz Vətən uğrunda qəhrəmancasına şəhid olan igid həmvətənlərimizin xatirəsini anmaqla yanaşı, həm də bir qürur hissi yaşayırıq. Çünki dövlətimizin başçısı İlham Əliyevin polad iradəsinin, düşünülmüş daxili və xarici siyasətinin, ordu və xalq birliyinin nəticəsi olaraq respublikamızın ərazi bütövlüyü tam bərpa edilib. Bu gün mənfur düşmən Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” nidası ilə barışmaq məcbur olub”.
Daha sonra tədbir muzeyin yaxından əməkdaşlıq etdiyi Xəzər Universitetinin bir qrup tələbəsinin çıxışları ilə davam edib.
Universitetin dosenti, filologiya üzrə fəlsəfə doktoru Xatirə Yusifova müharibə zamanı Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlardan danışıb.
Tədbirin sonunda Hüseyn Cavidin Ev-Muzeyinin hazırladığı “44 günün qəhrəmanları” mövzusunda sənəd, şəkil və fotomateriallardan ibarət sərgi təqdim olunub.