Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) qərargahında “Natəvan” poeziya klubunun ilk məclisi keçirilib.
Tədbirə Niderland Krallığında yaşayan azərbaycanlı və türk qadınlar qatılıblar.
Görkəmli şairə, xeyriyyəçi Xurşidbanu Natəvanın qəzəlləri ilə başlayan məclisdə çıxış edən Azərbaycanın Niderlanddakı Səfirliyinin konsulu Səbinə Sadıqlı belə tədbirlərin xaricdə yaşayan soydaşlarımızı birləşdirməkdə böyük rol oynadığını bildirib. Qeyd edilib ki, belə klublar Vətəndən uzaqda yaşayan Azərbaycan əsilli qadınların ictimai həyatında vacib amillərdəndir.
Klubun təşkilatçısı və rəhbəri, BAK-nin sədr müavini Sima Cəfərli də Vətəndən uzaqda yaşayan soydaşlarımızın belə klub və tədbirlərdə bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb. Tədbirə videobağlantı ilə qoşulan Birinci Qarabağ müharibəsi qazisi, “Miqrasiya Prosesləri” İctimai Birliyinin rəhbəri Fəridə Hicran Xan qızının həyat və yaradıcılığından söz açıb. O, Natəvanın Qarabağ elinə, Şuşaya, Azərbaycan poeziyasına və ictimai həyatına verdiyi töhfələrdən danışıb.
Tədbirdə Xurşidbanu Natəvanın qəzəllərinə yazılmış mahnılar səsləndirilib, onun müəllimi Qasım bəy Zakirə məktublarından parçalar oxunub.
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan və “Xan qızı” Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri olan Könül Abbasova canlı bağlantı ilə Natəvanla bağlı fikirlərini söyləyib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Lətifə Nuran bir neçə şeirini səsləndirib, rəssam Vəfa Rüstəmovanın Natəvana həsr etdiyi rəsmlər, eləcə də keramik qablar üzərində işlədiyi əsərlər nümayiş olunub. Təhminə Günəş milli rəqslərimizi təqdim edib, Nigar Cəfərli Azərbaycan mahnılarını səsləndirib.