O, iki bacının tək qardaşı idi. Uşaq yaşlarından müqəddəs bir amalı vardı. Səbirsizliklə düşməndən qisas alacağı günü gözləyirdi. Ana Vətənə olan sevgisi o qədər güclü idi ki, məhz son nəfəsini də bu müqəddəs amal uğrunda vermişdi...
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan 2020-ci ilin Vətən müharibəsi şəhidlərindən Busat Qurbanov haqqında söz açırıq.
Busat Əfsər oğlu Qurbanov 2000-ci il sentyabrın 10-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində anadan olub. 2018-ci ildə həmin kənddə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə xidmət keçib. Əsgərlik dövründə nümunəvi xidmətinə görə fəxri fərman və təşəkkürnamə ilə mükafatlandırılıb.
Hərbi xidmətini başa vurduqdan sonra hərbçi libasını ömürlük geyinmək qərarına gəlir. Çünki ağlı kəsəndən doğma rayonunun bir hissəsinin və Qarabağımızın işğaldan qurtarılmasının, düşməndən qisas alınmasının xəyalını qururdu. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Füzuli rayonundakı N saylı hərbi hissədə tank atıcısı vəzifəsində xidmətə başlayır.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Busat və cəsur hərbçi yoldaşları düşmən səngərini keçən ilk döyüşçülərdən olublar. Busat Vətən müharibəsinin ilk günündə Cəbrayıl rayonunun Nüzgar kəndinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olub. Oktyabrın 10-da doğulduğu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin atası Əfsər Qurbanov oğlu ilə hər zaman fəxr etdiyini bildirir: “Busat uşaq yaşlarından vətənpərvərlik hissi ilə böyümüşdü. O, torpaqlarımızın düşmən əsarətində olması ilə heç cür barışa bilmirdi. Deyirdi ki, vaxt gələcək torpaqlarımızı yağı düşməndən azad edəcəyik. O, Vətən müharibəsinin ilk günü şəhidlik zirvəsinə ucaldı. Oğlumun ruhu şaddır. Çünki torpaqlarımız düşməndən azad edilib. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Vətən sağ olsun!”.
Şəhidin bacısı Aysu Qurbanova qardaş itkisinin ağır dərd olduğunu söyləyir: “Busat canından çox sevdiyi Vətən yolunda şəhid oldu. Cismən aramızda olmasa da, qardaşımın ruhu daima bizimlədir. Mən Busatla hər zaman fəxr edirəm”.
Busat Qurbanov ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Qeyd edək ki, ötən ilin iyul ayında şəhidin xatirəsinə doğulduğu Aşağı Kürdmahmudlu kəndində bulaq-abidə inşa edilib.
Allah rəhmət eləsin.
Nurəddin