Yeni başlamış teatr mövsümü artıq maraqlı yenilikləri ilə paytaxt teatrsevərlərini sevindirməkdədir. Bu il noyabrın 21-dən 26-dək “Heydər Əliyev İli” çərçivəsində Sankt-Peterburq Mədəniyyət Komitəsi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə Bakıda XVII Sankt-Peterburq teatr mövsümü krosskultural (mədəniyyətlərin qovuşuğu) festivalı keçiriləcək.

Festival Sankt-Peterburq ilə dünyanın sənət mərkəzləri olan şəhərləri arasında mədəni əlaqələr qurmaq və mövcud əlaqələri inkişaf etdirmək məqsədi daşıyır. Festival çərçivəsində Peterburq teatrlarının ən maraqlı tamaşaları nümayiş olunur, tamaşaçılar isə səhnə əsərlərinin yaradıcılarını tanımaq imkanı qazanırlar.

“Peterburq teatr mövsümü” festivalı 2007-ci ildən keçirilir. bu müddətdə festivalın təqdim etdiyi tamaşalara dünyanın iyirmidən çox şəhərinin sakinləri baxıblar. Hər il festival proqramında Peterburqun fərqli teatr kollektivləri çıxış edirlər. Bakıda baş tutacaq XVII festival günlərində Rusiyanın şimal paytaxtının dörd teatrı qonağımız olacaq. “Priyut komedianta” (“Məhzəkəçi sığınacağı”), V.F.Komissarjevskaya adına Sankt-Peterburq Dövlət Akademik Dram Teatrı, “Baltiyski dom” (“Baltik evi”) teatr-festivalı və “Kukolnıy format” (“Kukla formatı”) teatrı.

Rusiyalı kollektivlər Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində çıxış edəcəklər.

İlk gün, noyabrın 21-də “Priyut komedianta” teatrı Rusiyanın Əməkdar artisti Aleksandr İsakovun quruluşunda böyük rus dramaturqu Aleksandr Ostrovskinin “Balzaminovun evlənməsi” komediyasını təqdim edəcək. 2009-cu ildən teatrın repertuarında olan bu tamaşa hələ də ən çox izləyici toplayan səhnə əsərlərindəndir. Yəqin varlı qadınla nikah bağlamaqla adam arasına çıxmağı arzulayan Mixaylo Balzaminovun nümunəsi və taleyi hələ də aktualdır. Tamaşada Vladimir Krılov, Tatyana Polonskaya, Yuliya Molçanova, Yevgeni İvanov və b. çıxış edirlər. “Balzaminovun evlənməsi” iki gün (21-22 noyabr) göstəriləcək.

Noyabrın 23-də isə teatrsevərlər V.F.Komissarjeskaya adına Sankt-Peterburq Dövlət Akademik Dram Teatrının tanınmış Polşa dramaturqu İnqmar Vilkvistin əsəri əsasında hazırlanmış “Helverin gecəsi” tamaşasına baxa biləcəklər. İki aktyorun – Denis Pyanovun (Helver) və Oksana Bazileviçin (Karla) çıxış etdiyi tamaşada hadisələr Polşanın faşist Almaniyası tərəfindən işğalının ilk günlərində baş verir. 30 yaşına çatsa da, hələ də uşaqlıq çağından ayrılmamış infantil Helver analığı Karlanı onunla birlikdə qalay əsgərciklərlə oynamağa vadar edir. Qapının o tayında isə artıq qırğın başlayıb. Bir az tez, bir az gec, onların da qapısı döyüləcək...

“Helverin gecəsi” 2013-cü ildə tamaşaya qoyulub. Rusiya Dövlət mükafatı laureatı Aleksandr Barqmanın quruluş verdiyi əsər ondan artıq nüfuzlu beynəlxalq teatr festivalında iştirak edib.

25 noyabr tarixində “Baltiyski dom” teatrı da A.Ostrovski yaradıcılığından “Qurdlar və qoyunlar” əsərini Bakıya gətirir. Ancey Bubenin quruluş verdiyi bu tamaşa bütün zamanların fövqündə olan klassika kimi təqdim edilir.

Tamaşada aktyorlardan Natalya Paraşkina, Arseni Vorobyov, Anastasiya Podosinnikova, Darya Delman, Mariya Lısyuk, Alla Yeminseva və b. məşğuldur. “Qurdlar və qoyunlar” tamaşası festivalın son günü – noyabrın 26-da da oynanılacaq.

“Peterburq teatr mövsümü” festivalı balaca teatralları da unutmayıb. Noyabrın 26-da onlar “Kukolnıy format”ın təqdim etdiyi “Al çiçək” nağıl-tamaşasına iki seans baxa biləcəklər. Rus yazıçısı S.Aksakovun bu əsəri xalq arasında o qədər məşhurlaşıb ki, çoxları “Al çiçəyi” xalq nağılı kimi qəbul edir. Tamaşanın quruluşçu rejissoru və rəssamı Anna Viktorova nağılın səhnə həllində bir qədər fərqli yol seçib. Aktrisa Olqa Dones 55 dəqiqə ərzində rus milli gəlincikləri üslubunda hazırlanmış kuklalarla tamaşanı oynayır.

Yeri gəlmişkən, festival günlərində teatrda “KUKFO teatrı”nın qəhrəmanları adlı sərgi də nümayiş olunacaq.

G.Mirməmməd