Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin inkişaf təlimi” adlı proqram həyata keçiriləcək.
Təlimlər Avropanın tanınmış prodüserlərindən professor Martin Hagemannın (Almaniya) rəhbərliyi və Titus Kreyenberqin iştirakı təşkil olunacaq. Oktyabrın 9-da başlayan təlim 8 həftə davam edəcək.
Təlim iştirakçılar üçün rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsəti də qazanacaqlar.
Proqramın sonunda iştirakçılara sertifikat veriləcək. Ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihələri müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.
Təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.14-cü yarımbəndinə əsasən təşkil olunacaq.
Proqrama qoşulmaq üçün qeydiyyat oktyabrın 8-nə qədər davam edəcək. Təlimə qatılmaq istəyənlər tərcümeyi-halını və filmoqrafiyasını (əgər varsa) kino@creative.az ünvanına göndərə bilərlər.