Payız fəsli caz ritmləri altında keçəcək: oktyabrın 6-da növbəti Bakı Caz Festivalı başlanır. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də festival zəngin proqramı ilə caz musiqisi həvəskarlarını sevindirəcək.

Oktyabrın 6-dan 8-dək Dənizkənarı bulvarda konsertlər olacaq. Yerli ifaçılarla yanaşı, bu konsertlərdə Almaniya, Türkiyə, Norveç, Avstriyadan olan musiqiçilər çıxış edəcəklər.

Festivalın əsas meydançası Beynəlxalq Muğam Mərkəzi olacaq. Burada oktyabrın 9-dan 15-dək 15 ölkədən olan musiqiçilər xüsusi proqramla çıxış edəcəklər. Onların arasında məşhur “Qremmi” mükafatının namizədləri və laureatları amerikalı caz ifaçısı və reper Teo Kroker ilə kolumbiyalı arfaçı və bəstəkar Edmar Kastanyedanın dueti, habelə İsveçrədən olan ifaçı Qrequar Marenin ifası olacaq. Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti keçiriləcək.

Bakı Caz Festivalı çərçivəsində ənənəvi “I am Jazzman!” gənc caz ifaçılarının müsabiqəsi, Fuad Axundovun iştirakı ilə “Jazz & Vinyl” adlı tədbir, rəssam Eldar Qurbanovun “Jazz Colors” sərgisi və digər tədbirlər də nəzərdə tutulur.