Milli Qəhrəman Riad Əhmədovun dəfn mərasimi keçirilib

 

Sentyabrın 30-da Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun vida və dəfn mərasimi keçirilib.

Milli Qəhrəmanın ailə üzvlərinin, döyüş yoldaşlarının, ayrı-ayrı qurumların nümayəndələrinin, tanınmış ziyalıların, təhsil işçilərinin və tələbələrin iştirak etdikləri vida mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Vida mərasimində çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini Şərafət Həsənov bildirib ki, dövlətimiz Riad Əhmədovun axtarışları ilə hər zaman məşğul olub. Riadın tapılması istiqamətində müxtəlif vaxtlarda Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar olub. Lakin bu danışıqlar heç bir nəticə verməyib.

O deyib ki, Vətən müharibəsindən sonra Şuşa və Daşaltı ətrafında Milli Qəhrəmanın axtarışları davam etdirilib. Axtarışlar nəticəsində şəhidlərimizin nəşi tapılıb.

“Biz 9-u hərbçi, 1-i mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olduq. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov idi”, - deyə DTX-nin rəis müavini bildirib.

O qeyd edib ki, Birinci Qarabağ müharibəsində 3 890 nəfər itkinimiz olub, onların tapılması istiqamətində axtarışlar davam etdirilir.

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun döyüş yoldaşı, Daşaltı əməliyyatının iştirakçısı İlyas İsmayılov çıxışında deyib: “Riadın Azərbaycan hərb tarixinə adını yazdırdığı döyüş məşhur Daşaltı əməliyyatı olub. Əməliyyat planına görə, Qızılqaya hündürlüyünə qalxaraq oradan Daşaltıdan Sığnaxa və Şuşakəndə aparan yolu kəsmək olub”.

O vurğulayıb ki, Riad döyüş zamanı yaralansa da, bunu büruzə vermirdi, döyüşə yaralı vəziyyətdə davam edirdi.

“Riad döyüş zamanı yaralanmışdı. Amma o, döyüşdən çıxmağa razı olmadı. Nəticədə Riadın necə şəhid olduğunu görə bilmədik. Onu çağırsaq da, Riaddan səs gəlmədi”,- deyə İ.İsmayılov qeyd edib.

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun bacısı Mehriban Əhmədova çıxışı zamanı bildirib: “Qardaşım Azərbaycanın ilk Milli qəhrəmanlarındandır. Onu çox vətənpərvər biri kimi tanıyıblar. Bizim üçün Riadın yoxluğunu yaşamaq, hiss etmək çox çətindir. Biz bu faciəni 31 il bundan öncə yaşamışıq. Ona həsr olunmuş bu vida mərasimi bir daha sübut etdi ki, Vətənin azadlığı uğrunda canlarını fəda edənlər heç vaxt unudulmur”.

M.Əhmədova qeyd edib ki, Riad kimi vətənpərvərlərin həyat və döyüş yolları gənclərə örnəkdir.

“Riad çox xeyirxah, sadə və vətənpərvər insan idi. O, döyüşlər zamanı, mühasirədə olanda belə yoldaşlarında ruh yüksəkliyi yaradırdı, onlarla zarafat edirdi. Bu da Riadin həm də yüksək insani keyfiyyətlərindən xəbər verirdi”, - deyən şəhidin bacısı Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və dövlətimizə dərin minnətdarlığını bildirib.

Digər çıxış edənlər Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov barədə xatirələrini bölüşüb, onun vətənpərvərlik, qəhrəmanlıq, igidlik rəmzi olduğunu vurğulayıblar.

Qeyd olunub ki, Riad Əhmədov doğma Vətənini, xalqını, ailəsini sonsuz məhəbbətlə sevən insan idi.

Sonra Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi keçirilib. Mərasimdə şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb. Riad Əhmədovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabrın 20-də Bakıda anadan olub. O, 1976–1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda laborant işləyib. 1979–1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980–1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov 1981–1982-ci illərdə DTK-nin Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y. V. Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.

1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər onun yeri müəyyən olunmayıb. 2023-cü il sentyabrın 18-də Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığı və müəyyənləşdirildiyi açıqlanıb.

Riad Əhmədov 1992-ci il iyunun 7-də “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır. R.Əhmədovun şərəfli döyüş yolunu əks etdirən “İgidnamə” sənədli, “Qayıt, Riad” bədii-sənədli və “İtirdiyimiz qəhrəman” filmləri çəkilib.