Oktyabrın 2-də böyük Azərbaycan şairi, dramaturq, mütəfəkkir Hüseyn Cavidin qızı, Əməkdar mədəniyyət işçisi, mətnşünas Turan Cavidin anadan olmasının 100 illiyi tamam olur.

Turan Cavid 1923-cü ilin bu günündə Bakıda dünyaya göz açıb. Uzun illər muzey sahəsində çalışıb. Onun missiyası Hüseyn Cavidin ölməz irsini qoruyub Azərbaycan xalqına və dünyaya çatdırmaq olub.

Əgər böyük Cavid özündən sonra Azərbaycan ədəbiyyatını son dərəcə zənginləşdirən qiymətli əsərlər qoyub getdisə, Turan xanım da bu əsərlərin son mükəmməl nəşrini hazırlayıb öz xalqına təhvil verdi, sonra isə arxayınlıqla, rahatlıqla həyatın keşməkeşlərində bir qədər sərtləşsə də, həmişə intellekt və əsilzadəlik yağan gözlərini əbədi yumdu.

Hüseyn Cavid “Əsərləri”nin beşcildliyi uzun onilliklər boyu aparılan gərgin mətnşünaslıq işinin, müxtəlif qaynaqlardan axtarışların və tapıntıların uğurlu yekunu, şirin bəhrəsidir. Məlumdur ki, Cavidin üslubu kimi bədii dili də təkraredilməz, unikal idi və böyük ədib bu dilin üstündə əsirdi, onu olduğu kimi oxucularına çatdırmaq istəyirdi. Bu da səbəbsiz deyildi; Cavidin əsərlərində, hər bir böyük sənətkarın yaradıcılığında olduğu kimi, forma və məzmun vəhdəti çox güclü idi və bunlardan birinin azacıq dəyişdirilməsi, oraya edilən kobud müdaxilə poetik sistemin bütövlüyünün pozulmasına, gözəlliyinə, kamilliyinə xələl gətirməsinə səbəb olurdu. Elə buna görə idi ki, əlyazmalarını nəşriyyata təqdim edərkən Cavid təkidlə: “İmlasına dokunmamalı!” qeydini yazırdı və təbii ki, şairin sağlığında çap olunan əsərlərində buna ciddi riayət edilirdi. Ancaq böyük sənətkar repressiya edildikdən, uzun müddət əsərləri qadağan olunduqdan sonra, nəhayət, bəraət aldıqda onun əsərlərinin nəşri zamanı süni məhəlliləşdirməyə, Cavidin bütün yaradıcılığı boyu uğrunda mübarizə apardığı böyük türk birliyindən ayırmağa ciddi-cəhdlə çalışmağa başladılar. Turan xanım ürəkağrısı ilə bütün bunları xatırlayıb türkofob bolşevik ideologiyasının Cavid irsini “müasirləşdirməyə”, xalqa “yaxınlaşdırmağa” yönəlmiş basqısından yana-yana danışır, bu yolda nə kimi əzablar çəkdiyini yada salırdı.

Yalnız ölkəmiz müstəqilliyini bərpa etdikdən, türkofobiyaya son qoyulduqdan, milli və dini dəyərlərimizə qayıdış baş verdikdən, xüsusən Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışından və mədəni dəyərlərimizə hami, arxa, qahmar durmasından sonra Turan xanımın uzun illərdən bəri ürəyində gəzdirdiyi arzuları həyata keçirmək üçün real imkanlar yarandı.

Heydər Əliyevin və Turan xanımın ən böyük müştərək yadigarlarından biri olan Hüseyn Cavidin Ev-Muzeyində böyük ədibin əsərlərinin unikal bir dördcildliyi saxlanılır. Həmin dördcildliyin hər səhifəsində Turan xanımın əli ilə edilmiş minlərlə düzəliş vardır. Bu, Turan xanımın Cavid irsinin bərpası uğrunda çəkdiyi titanik zəhmətin əyani göstəricisidir. Turan xanım öz zəhmətinin bəhrəsini – Hüseyn Cavidin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə nəfis şəkildə kütləvi tirajla çapdan buraxılmış beşcildliyini görməsə də, həmin nəşri əlinə alan hər kəs Turan xanımı xəyalən görür, onun ruhuna qəni-qəni rəhmət oxuyur. Bir övlad kimi Turan xanımın borcunu ləyaqətlə yerinə yetirmək nişanəsi olan bu nəşr ona ən böyük abidədir.

Turan xanımın illər boyu üzərində zəhmət çəkdiyi və yüksək səviyyədə araya-ərsəyə gətirdiyi “əsərlərdən” biri də Hüseyn Cavidin Ev-Muzeyidir. Yuxarıda qeyd etdiyimiz kimi, bu muzey də Cavid irsinin böyük himayəçisi, Ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi və bir rəhbər kimi qayğısı nəticəsində yaradılıb cavidsevərlərin ixtiyarına verilib. Muzeyin hər bir eksponatında, hər bir guşəsində Turan Cavidin Cavidlərə məhəbbətini, Cavid ocağının qorunu qorumağa yönəlmiş övladlıq qeyrətini duymamaq olmur. Hüseyn Cavidin əsərlərinin yuxarıda qeyd etdiyimiz beşcildliyi kimi bu muzey də mükəmməl bir sistemdir, forma və məzmun vəhdətinin klassik örnəyidir. Ancaq beşcildliklə muzeyi fərqləndirən bir cəhət var ki, bu da muzeyin rəsmi açılışını görməyin, böyük öndərimiz mərhum Heydər Əliyevlə birlikdə muzeyin salonlarını gəzməyin Turan xanıma qismət olmasıdır. Həmin açılış zamanı lentə alınmış videolent də indi muzeyin ən qiymətli eksponatlarından biri kimi qorunmaqda və cavidsevərlərə nümayiş etdirilməkdədir.

Turan Cavid, təbii ki, beşcildliyin nəşrindən və muzeyin sonrakı taleyindən nigaran getdi. Amma onun müqəddəs ruhu yəqin ki, beşcildliyin nəşrini də, muzeyin indiki səviyyəsini və inkişaf yolunu da görüb şad olur, rahatlanır. Turan xanımın vəfatından keçən dövr ərzində muzeydə bir sıra işlər görülmüş, bu qurumun böyük Cavid adına layiq olması üçün muzey əməkdaşları əllərindən gələni əsirgəməmişlər. Bu işlərin sırasında Hüseyn Cavidin Ev-Muzeyinin nəşr etdirdiyi “Cavidşünaslıq” araşdırmalar toplusunun artıq 30 cildinin çapdan çıxmasını, Hüseyn Cavidin mükəmməl biblioqrafiyasının hazırlanıb nəşr edilməsini, Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin 1938-1941-ci illərdə dahi Bülbülün rəhbərliyi ilə toplayıb şərhlər verdiyi folklor mətnlərinin işlənərək 13 cildlik “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin çap olunmasını, Turan Cavidin həyat və fəaliyyətini əks etdirən “Turan Cavid. Ömür salnaməsi” kitabının nəşrə hazırlanmasını, Hüseyn Cavidin şeirlərinə bəstələnmiş mahnılardan ibarət “Sözləri Hüseyn Cavidindir” albomunun işıq üzü görməsini, Hüseyn Cavidin əsərlərinin Avropa və Şərq dillərinə tərcümə edilməsini, müntəzəm olaraq cavidlərin anım günlərinin və Cavid yaradıcılığına həsr olunmuş elmi sessiyaların, Cavidşünaslığın aktual problemlərinə həsr olunan respublika və beynəlxalq əhəmiyyətli konfransların keçirilməsini, Cavid irsinin KİV vasitəsilə geniş kütlələr arasında təbliğini və s. göstərmək olar.

Bu gün Hüseyn Cavidin Ev-Muzeyi Cavid ocağının qoruyucusu, odabaşısı olan Turan xanım Cavidin məqsəd, məram və arzularını uca tutur, muzeyin çiçəklənməsi, müasir informasiya əsri ilə ayaqlaşması, bununla da təkcə respublikamızda deyil, həm də yaxın-uzaq ölkələrdə Cavid irsinin tanıtdırılması və təbliği işini genişləndirmək yolunda yorulmadan fəaliyyət göstərir, Turan xanım da muzeyin əbədi rəhbəri kimi yaşamaqda və yaratmaqda davam edir, muzeyin inkişafı ilə birgə onun arzuları və əməlləri də çiçəklənir.

Cavid irsinin hər iki qoruyucusuna – Ümummilli liderimiz Heydər Əliyevə və Turan Cavidə ulu Tanrıdan rəhmətlər diləyir, onların ruhlarının şad olması üçün dualar edirik.

Ulu öndər Heydər Əliyev Hüseyn Cavidin Ev-Muzeyinin açılışında şəxsən iştirak etmiş, yaradılmış ekspozisiyanın ilk tamaşaçısı olmuş və Turan xanımla səmimi söhbət etmişdi.

Amansız taleyin əvvəlcə Cavid qızı kimi ərköyünləşdirdiyi, sonra isə tez bir zamanda qəddarlıqla küsdürdüyü Turan xanım, keçən əsrin 70-80-ci illərinə qədər, hətta sevimli “baba”sının bəraət aldığı 50-ci illərin sonu, 60-cı illərdə də hadisələrə laqeyd bir ağayanalıq, ətrafındakı cılız insanlara yuxarıdan aşağı baxmaq kimi təbii bir xasiyyət əldə etmişdi. O inanmırdı ki, kommunist rejimi repressiyaya uğratdığı (və haqlı uğratdığı, çünki Cavid yaradıcılığı, doğrudan da, kommunist ideologiyası ilə daban-dabana ziddiyyət təşkil edirdi) bir şəxsiyyəti yenidən layiq olduğu səviyyəyə ucalda və insanlıq qarşısındakı xidmətlərini obyektiv qiymətləndirə bilər. Yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsi və tez bir zamanda Cavid irsi ilə maraqlanaraq bu irsə diqqət və qayğı göstərməsi Turan Cavidin şübhələrini dağıtdı, onillərdən bəri onda formalaşmış və bərkimiş laqeydlik buzlarını əridə bildi. Cavidlərə göstərilən hər bir diqqət, hər bir qayğı, əslində, dövranın çox qaradinməz etdiyi Turan xanımı da dilə gətirdi və o öz çıxış və nitqlərində, təşəkkür məktublarında Heydər Əliyevə atasına görə minnətdarlığını bildirməyə başladı. Həmin məktublardan birinin mətnini oxuculara təqdim etməzdən öncə, Turan xanımın Heydər Əliyevin qayğısı və köməyi ilə, necə deyərlər, diş-dırnaqla ərsəyə gətirdiyi çağdaş cavidşünaslığın taleyi haqqında narahatlıqla dolu bir müraciətinin mətnini örnək gətirməyi məqsədəuyğun sayırıq:

“Son illərdə Hüseyn Cavid irsinin öyrənilməsi, təbliği, şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər qəlbimdə dərin minnətdarlıq duyğuları oyadır. Övlad kimi məni ən çox sevindirən cəhətlərdən biri budur ki, artıq Bakıda şairin adı ilə bağlı mərkəz var. Hörmətli Prezidentimiz, Cavid xatirəsinə hər kəsdən daha artıq diqqət və qayğı göstərən Heydər Əliyevin qətiyyəti sayəsində uzun illərdən bəri gözlənilən məqsəd həyata keçib – Elmlər Akademiyasında Hüseyn Cavidin Ev-Muzeyi yaradılıb. Burada yalnız Cavidlə bağlı yadigarlar nümayiş etdirilmir, həm də onun həyat və yaradıcılığının ayrı-ayrı problemləri ətrafında elmi tədqiqat işləri aparılır.

Məni respublika ədəbi və elmi ictimaiyyətinə – Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin rəhbərliyinə, nəşriyyatlarımıza, elmi tədqiqat institutlarına, təhsil ocaqlarına, qəzet, jurnal redaksiyalarına, mədəniyyət müəssisələrinin başçılarına müraciət etməyə bir nigarançılıq vadar eləyir. Caviddə özü haqqında işıq üzü görən yazılara da, nəşr edilən əsərlərə də, pyeslərinin səhnələrdəki ifasına da çox vasvası münasibət vardı. O, şəxsiyyəti və yaratdıqları ilə bağlı buraxılan səhvlərə, təhriflərə, ciddi yaradıcılıq işinə qeyri-ciddi münasibətə görə çox narahat olurdu, belə halları qəlb incikliyi, əsəb gərginliyi ilə qarşılayırdı.

İndi vaxtaşırı mən eyni hissləri yaşamalı oluram. Sanki bir çoxları Cavid barədə yazmağa dəbdə olan mövzu kimi yanaşmağa başlayıb. Hətta Cavid mövzusu ətrafında ədəbi möhtəkirlik cəhdləri müşahidə edilir. Dərindən öyrənmədən, Cavid ruhunu duymadan, onun düşüncələr aləminə lazımınca daxil olmadan, ömründə roman yazmayan birisi Cavid haqqında roman ortaya qoyur, hələ bərkiməmiş, klassiklərdən yaza biləcək siqlət qazanmamış naşı qələmlərdən povestlər, hekayələr, məqalələr çıxır, dramaturgiyanın qayda-qanunlarından, əlifbasından bixəbərlər debütlərini Cavid haqqında pyeslərlə edirlər. Acınacaqlı cəhət isə budur ki, belə “əsərlər” efirə, mətbuata, səhnələrə, nəşriyyatlara çox asanlıqla yol tapa bilir.

Bu yaxınlarda televiziya ilə Nafilə adlı müəllifin Cavid haqqında yazısı əsasında hazırlanmış səhnələşdirmə nümayiş etdirildi və sonralar təkrar da olundu. İnandırıram Sizi, bu qəbil səviyyəsiz “xidmətlərlə” Cavid ruhunu yalnız incitmək olar. Yaxud xəbər tuturuq ki, Cavid irsi ilə əlaqədar dissertasiya müdafiə olunub, yaxud pyes tamaşaya hazırlanır, yaxud da...

Mən varam və Elmlər Akademiyasının Hüseyn Cavidi peşəkarcasına araşdırıb təbliğ edən Cavid Muzeyi var. Cavidlə əlaqədar iş görürlər, bizə xəbər vermirlər. Ola bilsin, hətta görülən iş uğurludur, amma bizə də irəlicədən göstərilsəydi, hansısa məsləhətlərimizlə, təqdim etdiyimiz mənbələrlə, sənədlərlə, bəlkə də, onun daha yaxşı alınmasına yardımçı olardıq.

Artıq dərəcədə rica edirəm ki, Hüseyn Cavidin həyat və yaradıcılığı ilə əlaqədar yazılan əsərləri xalqa çatdırmazdan əvvəl – əgər belə demək mümkündürsə – ilkin ekspertizadan keçmək üçün Cavidin Ev-Muzeyinə rəyə göndərin.

Mənim yeganə arzum budur ki, atam haqqında yalnız doğru, yanlışsız, təhrifsiz yazılmış əsərlər işıq üzü görsün”.

Turan xanımın bu gün də, onun cismani yoxluğundan keçən müddət ərzində öz aktuallığını saxlayan bu narahatlığı təkcə Cavid irsinin araşdırıcılarına deyil, bütün Azərbaycan xalqına, ilk növbədə isə, əlbəttə ki, Hüseyn Cavid yaradıcılığının və şəxsiyyətinin böyük pərəstişkarı Ümummilli lider Heydər Əliyevə ünvanlanmışdı. Yalnız Heydər Əliyevin böyük məhəbbəti və qətiyyəti sayəsində Hüseyn Cavid irsini və ruhunu naşı qələmlərdən qorumaq, bazar iqtisadiyyatının zövqsüzlük girdabından xilas etmək mümkün idi. Eyni narahatlığı və böyük etimadı, etibarı, minnətdarlığı Turan Cavidin birbaşa Heydər Əliyevə ünvanladığı məktubunda da görmək mümkündür. Cavidin qızı olaraq üzünü böyük cavidsevərə – Heydər Əlirza oğluna tutaraq yazırdı:

“Möhtərəm cənab Prezident, hörmətli Heydər Əlirza oğlu!

Hüseyn Cavidin 120 illiyi ərəfəsində təkcə Cavid yaradıcılığına deyil, bütövlükdə milli mədəniyyətimizin taleyinə həssas münasibətinizə görə Sizə bir daha minnətdarlığımızı bildirirəm.

Siyasi tarixin Hüseyn Cavidlə bağlı buraxdığı səhvlərin, bir insanın taleyi fonunda bütöv mədəniyyətimizə vurduğu zərbələrin kədərli nəticələrini aradan qaldırmaq missiyasını Tanrı Sizə həvalə etdi. Siz Hüseyn Cavidin ən ləyaqətli mənəvi övladı olaraq, Cavidin özündən sonrakı tərcümeyi-halına əhəmiyyətli əlavələr etdiniz.

Hörmətli Heydər Əlirza oğlu, bütün bunları etiraf etmək xoşdur. Lakin görülən işlərin miqyası o qədər geniş, Cavidlə bağlı həyata keçirdiyiniz xeyirxah və tarixi tədbirlərin məzmunu elə dərindir ki, bütün bunları bir məktubda ifadə etmək, təbii ki, mümkün deyil və mənə elə gəlir ki, bu, gələcəkdə cavidşünaslığın ayrıca tədqiqat sahəsindən biri olacaqdır. Sizə bir daha öz dərin ehtiramımı bildirirəm. Tanrı yardımçınız olsun!

Hörmətlə, Turan Cavid”.

Bir cəhətə də diqqət yetirək ki, Turan xanım böyük qürur hissi ilə, səmimi-qəlbdən Heydər Əliyevi “Cavidin ən ləyaqətli mənəvi övladı” adlandırır. Bu o deməkdir ki, Turan Cavid Heydər Əliyevi həm də özünə böyük qardaş, doğma, simsar hesab etmiş və bu münasibətində qətiyyən yanılmamışdır. Çünki Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən əfsanəvi simurq quşu kimi qanadlarını bu ailənin üzərinə gərmiş, hər vasitə ilə onu yersiz və ədalətsiz hücumlardan qorumuşdur. Bu ailənin yeganə canlı nümayəndəsi Turan Cavid də taleyin bu hədiyyəsini minnətdarlıqla qarşılayaraq bir an belə şükranlığından geri durmamışdır. Başqa cür də ola bilməzdi. Böyük humanist sənətkar, mütəfəkkir-şair Hüseyn Cavidin genlərini daşıyan, onun müdrik tərbiyəsini görən Turan xanım öz vəlinemətinə qarşı heç vaxt naşükürlük etməzdi.

Bu gün Ulu öndər Heydər Əliyevin qədim Naxçıvanda ucaltdığı möhtəşəm mərmər mavzoleydə Cavidlər ailəsi rahat-rahat uyumaqdadır. Turan Cavidin son arzusu ailəni bir yerə yığmaq idi. Cavidlərin son yadigarı buna, Ulu öndər Heydər Əliyev və onun ideyalarını uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sayəsində nail oldu. Belə ki, dahi rəhbərin göz bəbəyi kimi qoruduğu Vətənimizi, vətənsevərlik, millətsevərlik ənənələrini əminliklə etibar etdiyi cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Turan Cavid özü də 2004-cü ilin 13 sentyabrında bu məqbərədə əbədi rahatlıq tapdı.

Uca Yaradandan dövlət başçımıza Hüseyn Cavid başda olmaqla Cavidlər ailəsinin xatirəsinə, o cümlədən Turan Cavid şəxsiyyətinə göstərdiyi böyük ehtirama görə dərin minnətdarlığımızı bildiririk.

İllər bir göz qırpımında ötüb keçir... Nə kədər unudulur, nə sevinc. Bu gün Turan xanım cismən aramızda deyil. Lakin içimizdəki Turan Cavid işığı heç zaman sönmür.

Gülbəniz Babaxanlı
filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi