Bu il görkəmli mədəniyyət xadimi  Turan Cavidin 100 illik yubileyidir. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “Turan Cavid” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə fotolar, Turan Cavid haqqında məqalələr, kitablar, onun tərtib etdiyi kitablar nümayiş olunur.

Turan Cavid 1923-cü il oktyabrın 2-də dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin ailəsində dünyaya gəlib. 1950-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsini bitirib, institutda müəllim kimi saxlanılıb, Azərbaycan teatr tarixindən mühazirələr oxuyub. 1968-ci ildə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi və 1968-1991-ci illərdə direktor vəzifələrində çalışıb. 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru olub.

O, böyük şairin irsini qoruyub gələcək nəsillərə çatdırmaq, Cavidlər ailəsinin xatirəsini əbədiləşdirmək kimi böyük missiyanın öhdəsindən şərəflə gəlib, Cavidin Ev-Muzeyinin qurucusu, əsərlərinin naşiri kimi öz övladlıq borcunu layiqincə yerinə yetirib.

Turan Cavid 2004-cü il sentyabrın 12-də vəfat edib və Naxçıvanda Cavidlərin uyuduğu məqbərədə dəfn olunub.