Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi "Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100" layihəsi davam edir. Layihə Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli liderin həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədi daşıyır.

Layihə çərçivəsində kitabxana əməkdaşları tərəfindən dövlətçiliyimizin tarixində dönüş nöqtəsi olan 3 oktyabr 1993-cü il tarixində ölkəmizdə keçirilən prezident seçkilərində Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbər seçilməsi ilə əlaqədar videomaterial hazırlanıb. Materialda Ulu öndərin müstəqilliyini hələ yenicə qazanmış respublikamıza rəhbərlik etdiyi çox mürəkkəb dövrdə gördüyü əvəzsiz işlər, uzaqgörən siyasəti nəticəsində Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza malik bir ölkəyə çevirməsindən bəhs edilir.

Videoçarxda həmçinin Heydər Əliyev tərəfindən Qarabağ münaqişəsinin həlli yolunda atılan ciddi addımlar – düşmənlə atəşkəsə nail olunması, nizamlı və güclü ordu quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə aparılan məqsədyönlü siyasət haqqında tarixi faktlar diqqətə çatdırılır. Materialda Ulu öndərin neft strategiyası və onun ölkəmizin inkişafında müstəsna əhəmiyyəti də vurğulanır.

Layihə çərçivəsində Ulu öndərin kitab, mütaliə, təhsil, mədəniyyət sahəsinə dair müdrik fikirlərdən ibarət virtual kitab sərgisi də hazırlanıb. Materialda “Heydər Əliyev – xalqa həsr olunmuş ömür”, “Ümummilli lider: Azərbaycandan Türk dünyasına”, “Heydər Əliyev və Şərq”, “Heydər Əliyev dünyanın gözü ilə”, “Xilaskarlar” və s. 20-yə yaxın kitabın annotasiyası təqdim edilir. 

Materiallar kitabxananın rəsmi saytında yerləşdirilib:

https://ryl.az/multimedia/heyder-eliyev-musteqil-azerbaycanin-prezidenti

https://ryl.az/multimedia/tarix-yaradan-sexsiyyet-heyder-eliyev-100-kitablar