Xəbər verdiyimiz kimi, sentyabrın 29-dan oktyabrın 3-dək “İpək Yolunun mirvarisi” XV Daşkənd Beynəlxalq Kinofestivalı keçirilib. Festival çərçivəsində sentyabrın 30-da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan kinosu gününün açılışı olub.
Özbəkistan Kinematoqrafiya Agentliyi, Özbəkistan və Azərbaycanın Mədəniyyət nazirlikləri, AMM-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iki ölkənin rəsmiləri, kinematoqrafları, kino sahəsi üzrə gənc mütəxəssislər, tələbələr və yerli azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin AMM-in qarşısındakı büstü və buradakı Şəhidlər bağı ziyarət olunub.
Tədbir iştirakçıları mərkəzin foyesində Azərbaycan kinosunun 125 illiyinə və Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.
AMM-in direktoru Samir Abbasov tədbiri açaraq Azərbaycan kinosunun tarixindən və nailiyyətlərindən danışıb. O, Azərbaycan kinosunun yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə xidmət etdiyini və filmlərimizin daim Özbəkistanda böyük maraqla qarşılandığını söyləyib.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Özbəkistan Kinematoqrafiya Agentliyinin təmsilçisi, Kino Muzeyinin direktoru Gülnara Mahmudova çıxış edərək ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsində mədəni sahədə əməkdaşlığın böyük rolu olduğunu bildiriblər. Qeyd edilib ki, “Arşın mal alan”, “Qayınana”, “Əhməd haradadır?” kimi klassik Azərbaycan filmləri Özbəkistanda da dəfələrlə nümayiş olunub, çox sevilib.
Vurğulanıb ki, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin görüşləri, dostluq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafına təkan verib, mədəniyyət sahəsində əlaqələr üçün yeni imkanlar açıb.
Tədbirdə Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekov tərəfindən imzalanan nekroloq oxunub və mərhum millət vəkilinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan kinosu gününün proqramına uyğun olaraq Elçin Musaoğlunun “Məryəm” filmi nümayiş etdirilib.
Nümayişin ardından rejissor Elçin Musaoğlu filmin çəkilişləri, ideyası haqqında danışıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, beynəlxalq festival günlərində Özbəkistan Milli İncəsənət və Dizayn İnstitutu, Əlişir Nəvai adına Kinematoqrafçılar Evində Azərbaycandan olan kino mütəxəssisləri, kinoprodüser, rejissor Orman Əliyev, rejissor Elçin Musaoğlu və ssenarist, rejissor Orxan Fikrətoğlunun ustad dərsləri təşkil edilib. E.Musaoğlunun “Məryəm” filmi oktyabrın 1-də festival çərçivəsində də nümayiş olunub.
Lalə