Oktyabrın 3-də Audiovizual Şuranın növbədənkənar iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ərazisində keçirdiyi uğurlu lokal antiterror tədbirlərindən sonra bölgədə yaşayan əhalinin informasiya təminatının yaradılması və bölgənin ümumölkə informasiya məkanına reinteqrasiyasının təmin olunması müzakirə olunub.

Bu məqsədlə müvafiq lisenziyaların alınmasına dair “Baku TV” MMC-nin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Audiovizual Şuraya müraciətlərinə baxılıb.

Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası “Baku TV”-yə peyk yayımı həyata keçirən platforma yayımçısı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı “Azərbaycan Beynəlxalq Radiosu”) lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.