“İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyi (İB) tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi həyata keçirilir. Ulu öndərin 100 illiyinə həsr olunan layihə çərçivəsində Xətai Sənət Mərkəzində “Heydər Əliyev obrazı təsviri sənətdə” adlı tədbir təşkil edilib.

Birliyin sədri Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı Ümummilli lider Heydər Əliyevin mədəniyyətə, incəsənətə qayğı və diqqətindən danışıb, layihə çərçivəsində görülən işlərdən bəhs edib.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev “Heydər Əliyev və təsviri sənət” mövzusunda apardığı tədqiqatlardan söz açıb, bu yaxınlarda eyniadlı kitabının işıq üzü görəcəyini qeyd edib.

Xalq rəssamı Arif Hüseynov Heydər Əliyevin rəssamlarla səmimi münasibətindən,  onların emalatxanalarına gedərək gördükləri işlərlə yaxından tanış olmasından bəhs edib.

Rəssam, heykəltaraş Rafiq Quliyev də öz xatirələrini bölüşüb.

Tədbirdə mərhum sənətşünas Rafael Abbasovun çəkdiyi Heydər Əliyevin portretləri nümayiş olunub. Qeyd edilib ki, portretlərin orijinalları ölkəmizin müxtəlif bölgələrinin muzeylərində saxlanılır.

Rəssamlardan Minayə Feyzullayeva, Aygün Nağıyeva, İlham İsayev və Xatirə Tapdıqovanın da mövzuya dair əsərləri təqdim olunub.