Azərbaycan musiqi mədəniyyətinə itki üz verib. Tanınmış musiqişünas-alim, pedaqoq Nailə Mehdiyeva vəfat edib.
Nailə Mehdiyeva 1932-ci il aprelin 21-də Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) musiqişünaslıq üzrə təhsil alıb. Məzun olduqdan sonra burada müəllim kimi çalışmağa başlayıb. 1968-ci ildə Sankt-Peterburq Konservatoriyasında (Rusiya) professor A.N.Dmitriyevin rəhbərliyi ilə “Qara Qarayevin kino musiqisi” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi alıb. 1993-cü ilə qədər Azərbaycan Dövlət Konservatoriyasının dosenti (1974) və professoru (1989) olub.
Sonra ömrünün 20 ilə yaxın bir dövrünü Ankaradakı Bilkənd Universiteti ilə bağlayıb. Orada Qərbi Avropa musiqi tarixi, opera teatrının tarixi və müasir musiqi tarixi fənlərini tədris edib. 2008-ci ildə Bilkənd simfonik orkestrinin konsert proqramları əsasında “Konsert bələdçisi” adlı kitabı çap olunub. Kitabda musiqişünas müxtəlif ölkələrdən olan 92 bəstəkarın 267 simfonik əsərinin təhlilini verib. Kitabın genişləndirilmiş ikinci nəşrində isə 116 bəstəkar haqqında məlumat və 484 simfonik əsərin şərhi öz əksini tapıb.
N.Mehdiyevanın Azərbaycan musiqişünaslığının inkişafında, bəstəkarlarımızın yaradıcılığının tədqiqində və təbliğində müstəsna xidmətləri var. O, eyni zamanda yeni musiqişünas nəslinin yetişməsində mühüm rol oynayıb. Müasir dövrün tanınmış musiqişünaslarının əksəriyyəti məhz onun tələbələri olublar.
Görkəmli musiqişünas-alim, səmimi insan Nailə Mehdiyevanın xatirəsi onu tanıyanların, yetirmələrinin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin.