ABŞ-nin Milli Aerokosmik Administrasiyası – NASA 2040-cı ilədək Ayda bina tikmək niyyətindədir. Bu məqsədlə Yerin təbii peykinə 3D printeri göndərmək planlaşdırılır.
NASA mütəxəssisləri Ay səthindəki tozdan və daş qırıntılarından istifadə edərək beton hazırlayacaq və həmin materialdan orada binalar tikəcək.
NASA bu məqsədinə çatmaq üçün Texas ştatının Ostin şəhərində yerləşən ICON inşaat kompaniyası ilə əməkdaşlığa başlayıb. Onlar Ayda yaşayış binaları, raketlər üçün eniş meydançası inşa etməyə imkan verən tikinti sistemi hazırlayacaq. Layihədə “Bjarke Ingels Group” və “SEArch+” kompaniyalarının memarları da iştirak edirlər.
Xatırladaq ki, astronavtların Aya enməsi 1969-cu ilin iyulundan 1972-ci ilin dekabrına qədər ABŞ-nin “Apollo” proqramı çərçivəsində həyata keçirilib. Həmin vaxtdan bəri Yerin təbii peykinə insan ayağı dəyməyib. NASA 2025-ci ildə start götürəcək “Artemis III” adlanan yeni missiyanın insanları Aya qaytaracağına ümid edir.