Mədəniyyət və turizm naziri Almaniya paytaxtında bir sıra görüşlər keçirib
Martın 6-da Almaniya paytaxtında «İTB Berlin - 2013» Beynəlxalq turizm sərgisi açılıb. Azərbaycan builki Berlin sərgisinin «Mədəniyyət və konqres» tərəfdaşıdır. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Sərgidə iştirak edən nazirliyin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədovdan aldığımız məlumata görə, açılışdan sonra Türkiyə baş nazirinin müavini Bülənd Arınc Azərbaycanın stendini ziyarət edib, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
Həmin gün Əbülfəs Qarayevin Azərbaycan pavilyonunda Almaniyanın federal iqtisadiyyat və texnologiyalar nazirinin müavini, federal hökumətin turizm məsələləri üzrə komissarı Ernst Burqbaxerlə də görüşü olub. Söhbət zamanı iki ölkə arasında turizm əməkdaşlığı müzakirə olunub.
Martın 7-də «İTB Berlin - 2013» sərgisi çərçivəsində Azərbaycan Turizm Forumu keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri ilə bərabər, futbol üzrə milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts da tədbir iştirakçıları ilə ölkəmiz haqqında təəssüratlarını bölüşüb.
Azərbaycanın mədəniyyət və turizm nazirinin görüşləri martın 7-də də davam edib. Əbülfəs Qarayev Almaniyanın xarici işlər nazirinin mədəniyyət məsələləri üzrə müavini xanım Kornelia Pieper, «İTB Berlin» sərgisinin direktoru Devit Ruetlə görüşüb.
Həmin gün BMT-nin Dünya Turizm Təşkilatının “İpək Yolu” layihəsində təmsil olunan ölkələrin turizm nazirlərinin toplantısı keçirilib. İclası Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq ölkəmizdə turizmin inkişafı, bu sahədə dövlət səviyyəsində həyata keçirilən layihələr, son illər əldə edilən nailiyyətlər, paytaxt Bakıda və regionlarda qurulan turizm infrastrukturu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
«İTB Berlin - 2013» sərgisi martın 10-dək davam edəcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə nazirliyin Turizm şöbəsinin əməkdaşları, Bakı və Şəki turizm informasiya mərkəzlərinin direktorları, “Şahdağ” Qış-Yay Turizm Kompleksi, “Ekostil - Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyi, “Azerbaijan review” jurnalının təmsilçiləri, muğam ifaçıları, Dövlət Rəqs Ansamblının üzvləri, KİV mənsubları daxildir.
Həmçinin sərgidə “SW travel”, “Millennium Tourism and Congress”, “The tour”, “İmprotex travel”, “Gilan tourism”, “ENC Tours”, “AL travel”, “Geo travel”, “Regea travel”, “Victory tour”, “Volcano travel”, “Xəzər travel”, “Pasha travel” turizm şirkətlərinin və “Divan Express hotel”, “Kempinski hotel Badamdar”, “Four Seasons hotel Baku”, “Atlant”, “Jumeirah Bilgah Beach hotel”, “Fairmont Baku” mehmanxanaları təmsil olunur.
Sərgidə respublikamızın turizm imkanları 104 kvadratmetr sahədə qurulan əsas stenddə nümayiş olunur. Burada “Azərbaycan Hava Yolları” şirkəti üçün xüsusi yer ayrılıb. Bundan əlavə, sərgidə ölkəmizin «Ekologiya» (30 kv m) və «Mədəniyyət» (21 kv m) stendləri təşkil olunub. Stendlərimizdə əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri, ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları yer alıb. Qeyd edək ki, Azərbaycan artıq onuncu dəfədir ki, «İTB Berlin» beynəlxalq turizm sərgisində təmsil olunur.
Fəxriyyə Abdullayeva