(esse)

Bizə hərdən elə gəlir ki, ustalıqla yazılan mətnlərin istedadlı oxucuya ehtiyacı var. Nədənsə özümüzə təlqin etmişik ki, böyük əsərlərin elə bu dərəcəyə yüksələn tərəf-müqabili olmalıdır. Yəni "Sirlər xəzinəsi", "Faust", "Hərb və sülh" əsərləri bir suyu Nizamiyə, Höteyə, Tolstoya bənzəyən  oxucu ilə mükamilədir. Belə "dahi oxucu" təxəyyülün məhsulu olsa da, vaxt-bivaxt yaddaşımızı narahat edir. İnanırıq ki, istedadla yazılmış mətnlər  insanı dəyişə bilər, eləcə zəka sahibinin mütaliəsi müəllifi naməlumluqdan xilas etməyə qadirdir. Bilmirəm, bu inamın kökləri, rişələri nə qədər ağlımızın dərinliyinə enib. Sədi inanırdı ki, kimsə onu rəhmətlə və dua ilə xatırlayacaq. Pasternak fikirləşirdi ki, gələcəyin çağırışını eşitmək olar, əgər kütlənin içindən bir nəfər səni aydın anlayırsa, deməli, ümid var. Şəhriyar isə ona gül dəstəsi verən oxucuya yarasına məlhəm qoyan İsa kimi baxırdı. Bütün zamanlarda oxucu qəlbini fəth edən yazıçı anlayışı bəlkə də həqiqi mənasında əksinə idi. Daima qələm adamı qəlbini fəth edəcək oxucunun sorağında olur. Dahilərin misi qızıla çevirmək arzusu əbədi mühərrik icad etmək istəyən uşağın axtarışlarına bənzəyir. Böyük şəhərlərin qəsrə bənzər kitabxanaları və nəhayətsizliyə qədər uzanan mətnlər, sözlər, uğurlu, urvatlı fikirlər bu arzunun yer üzünə səpələnmiş surətləridir.


Andrey Voznesenski "Mədəniyyətin üç kəpənəyi" essesində rəssamların yazdığı şeirlər haqqında söz açır. Ümumiyyətlə, sözün cizgilərini duyan, əlifbada və rəqəmdə qrafik təsvirin nümunələrini görməyə vərdiş edən adam üçün şeir yazmaq çətindir. Amma çox az rəssam taparıq ki, şeir yazmasın. Beləcə, Voznesenski şeirə imza qoyan rəssamları xatırlayır. O deyir: "Mən Mikalancelonun şeirlərini tərcümə etmişəm. Onlar qabarıq, heykələ bənzər misralardır. Pikassonun şeirləri analitik rebusu xatırladır. Şaqal bütün həyatı boyu şeir yazıb. Onlar realistik texnikaya yaxındır. Bu şeirlər daha çox qrafik təsvirləri xatırladır. Elə burada da Vitebksi, uçan adamları, mavi qanadları görmək olar. Mən biləni o, şeirləri iki dəfə çap etdirib. İlk dəfə 1968-ci ildə bu şeirlər 238 ekzemplyarda  işıq üzü görüb. Orada  23 rəngli, 15 ağ-qara litoqrafiya vardır."

Esseni oxuyanda nədənsə yadımda 238 rəqəmi ilişib qaldı. Uğuldayan meqapolisin fonunda 238 adamın əksini görməyə çalışdım. Onların içində kimsə Şaqalın özü kimi kəfəndən şeirə tərəf uçan ruhun təsvirinə bənzəyirdi.

Zamanın sərhədlərindən qopub oxucuya tərəf dartınan yazarların cəmi bir arzusu var: nəyin bahasına olursa-olsun, mümkünsüzlüyün, ehtiyacın həddini aşıb, "dahi oxucu" ilə üz-üzə qalmaq. Onların tənhalığı, kitabların düşüncələri bu yeganə cizgiləri bilinməyən və surəti anlaşılmayan oxucu ilə bölüşmək istəyirdi. Bəlkə də bu, yanlış fikirdir. "Mənim yeganə oxucum elə özüməm" - deyirdi Borxes. Elə bu yaxınlarda buna bənzər başqa bir fikir də eşitmişəm. "Yaxşı əsər oxumaq istəyirsənsə, onu gərək özün yazasan". Bilmirəm, bunu kim deyib. Amma çıxılmazlığın və çarəsizliyin işartıları var bu absurd fikrin içində.


Qədim dövrlərdə saray müsəvvirləri kitabların üzünü əl ilə köçürürdü. Bu gözəl tərtibat zadəganların evini bəzəyirdi. Sənaye dünyasında bu işi maşınlar öz inhisarına götürüb və ən uğurlu tərtibatın surətini dəfələrlə çoxaltmaq olar. Van Eykin "Kitab oxuyan mələk" əsəri ilə yolda, istirahətdə, evdə mütaliə edən adamların arasında böyük fərq var.

lbəttə, yazarın ürəyini oxucu auditoriyası, yaradıcılıq gecəsi, avtoqraf çoxluğu ilə ovutmaq olar. Amma həqiqətdə onun bir oxucuya daha çox ehtiyacı var.

Özünə təlqin etdiyi əvəzedilməz oxucu obrazına.
Daha doğrusu, kitab oxuyan mələyə.

Rəbiyyə Səyyadi