Məktub beş əsr sonra hərraca çıxarılıb...

 

İngiltərə Kralı VIII Henrix (1509-1547-ci illərdə taxtda olub) tərəfindən 510 il əvvəl yazılmış nadir məktub hərraca çıxarılıb.

Ölçüsü 20x38 santimetr olan məktub kral qarderobunun mühafizəçisi Endryu Vindzora göndərilib və üzərinə “Henry R” imzası qoyulub. R latın dilində “Rex” – kral sözünün qısaltmasıdır. Kralın məktubda nə yazdığı bildirilmir.

Satış “Paul Fraser Collectibles” hərrac evində holland formatında keçiriləcək. Bu formatda əvvəlcə hərraca çıxarılan məhsul üçün ən yüksək qiymət elan olunur, daha sonra isə qiymət get-gedə aşağı salınır və lot onu həmin qiymətə almağa razı olan ilk alıcıya satılır.

Məktub 65 min funt sterlinq (təxminən 135 min manat) dəyərində qiymətləndirilir. Lotun dəyəri hər cümə axşamı 5 min funt sterlinq məbləğində aşağı salınacaq.