Dadına kim baxacaq?...

 

Misirin Sohaq əyalətindəki Abidos rayonunda yerləşən Um əl-Qaab arxeoloji məkanında fironların birinci sülaləsinin kraliçası Meret-Neithin məzarında çalışan Misir-Alman-Avstriya arxeoloji missiyası yeni kəşfə imza atıb. Nekropolda 5 min il əvvələ aid olan açılmamış şərab küpləri tapılıb.

Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri arxeoloji missiyanın bir neçə qəbir əşyası, habelə yüzlərlə böyük şərab küpü tapdığını bildirib. Qeyd olunur ki, küplərin bəzilərinin tıxacları möhkəmdir və 5 min illik şərabın yaxşı qaldığını demək olar. Hərçənd bu qədər müddət torpaq altıda qalmış küp şərabının dequstasiya edilib-edilməyəcəyinə aydınlıq gətirilmir.

Divarlarda aşkar olunan qədim yazılar Meret-Neithin mərkəzi hökumət idarələrinə rəhbərlik etdiyini göstərir.

Alman Arxeologiya İnstitutunun direktoru Ditrix Rau bildirib ki, Meret-Neith Misirin Abidosdakı ilk kral qəbiristanlığında monumental məzarı olan yeganə qadındır və yəqin ki, dövrünün ən güclü şəxsiyyətlərindən biri olub. O əlavə edib ki, Meret-Neithin Qədim Misirdə ilk qadın kraliça olması, beləliklə, 18-ci sülalədən Kraliça Hatşepsutdan əvvəl yaşaması ilə bağlı fərziyyələrin yaranmasına səbəb olub. Amma onun əsl kimliyi hələ də sirr olaraq qalır.