Əli Tudənin 100 illiyinə həsr olunan kitab işıq üzü görüb
Gələn ilin yanvarında görkəmli şair, Əməkdar incəsənət xadimi, “Şöhrət zirvəsinə qalxmaq istəyən Millətin nərdivan etməsin gərək!” düşüncəli Əli Tudənin (Əli Qulu oğlu Cavadzadə; 1924-1996) anadan olmasının 100 illiyi tamam olacaq.
Cənubi Azərbaycanın Ərdəbil bölgəsində dünyaya göz açan şair ömrü boyu bütöv və azad Azərbaycan arzusu ilə yaşayıb. Eyni zamanda yaradıcılığı ilə xalqın çoxəsrlik birlik amalının alovunu sönməyə qoymayıb. 50 il öz vətənində siyasi mühacir kimi yaşayıb, SSRİ pasportundan imtina edib...
Şairin qarşıdan gələn yubiley ili ərəfəsində “Əli Tudə – 100” adlı kitab çapdan çıxıb.
Qələm sahibinin oğlu Natiq Cavadzadənin böyük zəhmət sərf edərək ərsəyə gətirdiyi 608 səhifədən ibarət kitab “Azərnəşr”də işıq üzü görüb.
Kitabda məlumatlar “Yazılar, fikirlər, sənədlər”, “Həsr olunan şeirlər”, “Biblioqarafiya” və “Qəzetlərdə və jurnallarda çap olunan digər yazılar” adlı dörd bölmə üzrə qruplaşdırılıb. Birinci bölmədə İlyas Əfəndiyev, Məmməd Rahim, Mehdi Hüseyn, Cabir Novruz, Xəlil Rza, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, İmamverdi Əbilov, Cəfər Xəndan, Yusif Seyidov, Hökümə Billuri, Sabir Rüstəmxanlı və digər ədəbiyyat, elm və mədəniyyət adamları, mətbuat nümayəndələrinin şair haqqında məqalələri verilib.
İkinci bölmədə Süleyman Rüstəm, Adil Babayev, Məmməd Araz, Əliağa Kürçaylı, Qabil, N.Həsənzadə, Aşıq Hüseyn Cavan, Müzəffər Şükür və başqa şairlərin Əli Tudəyə həsr olunan şeirləri yer alıb.
Növbəti bölmədə müəllifin kiril, əski (ərəb qrafikalı Azərbaycan əlifbası) və latın əlifbası ilə çap olunmuş kitablarının siyahısı, o cümlədən poema və şeirlərinin yer aldığı 20 cildliyin biblioqrafik göstəriciləri təqdim edilir.
Sonuncu bölmədə isə Əli Tudənin həyat və yaradıcılığı haqqında “Kommunist”, “Ədəbiyyat və incəsənət”, “Bakı”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Mühacir”, “Mədəniyyət”, “525-ci qəzet”, “Xalq qəzeti” və digər qəzetlərdə, eləcə də “Azərbaycan”, “Ulduz” və s. jurnallarda dərc olunan müxtəlif səpkili yazıların biblioqrafik göstəriciləri verilib.
Qeyd edək ki, şairin 100 illiyi münasibətilə bundan əvvəl “Mən nə gətirdim” və “Bakının işıqları” kitabları Təbrizdəki “Azərturan” nəşriyyatında əski əlifba ilə çap olunub. Kitablar gənc yazar və tərcüməçi Əli Aslani tərəfindən tərtib edilib. O, həmçinin 100 illik münasibətilə şairin “Təbriz yolu”, “Araz üstə palıd” kitablarını və xatirələrini də çapa hazırlayır.
F.Yunisli