Martın 6-dan 10-dək Almaniya paytaxtında «İTB Berlin - 2013» beynəlxalq turizm sərgisi keçirilib. Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edib. Xatırladaq ki, ölkəmiz builki Berlin sərgisinə «Mədəniyyət və konqres» tərəfdaşı kimi qatılmışdı.
   
   Nazirliyin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov sərgi ilə bağlı təəssüratını qəzetimizlə bölüşdü: “Azərbaycan sərgidə üç stendlə təmsil olunurdu. Hər üç stendimizə - ölkəmizin turizm şirkətləri və hotellərinin öz məhsullarını nümayiş etdirdiyi 104 kvadratmetrlik əsas, mədəniyyət nümunələrimizin nümayiş olunduğu 21 kvadratmetrlik «Mədəniyyət» və ölkəmizin ekoloji turizm potensialını əks etdirən 30 kvadratmetrlik «Ekologiya» stendi ziyarətçilərdə xüsusi maraq doğurmuşdu. Bir məqamı da qeyd edim ki, sərginin sonuncu iki günü əhali üçün nəzərdə tutulmuşdu. Azərbaycanın stendlərinə xüsusi maraq da məhz bu günlərdə hiss olundu. Ölkəmizin turizm imkanlarını əks etdirən lövhələrin qarşısı bir an belə boş qalmırdı. Azərbaycan yeni bir turizm istiqaməti kimi alman turistləri çox maraqlandırır”.
   Sərginin son iki günündə Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri və muğam üçlüyü gündə iki dəfə stendimizdə çıxış edib: “Bu həm sərgi ziyarətçiləri, həm də iştirakçı ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılandı”.
   V.Şıxəmmədovun sözlərinə görə, əsas stendimizdə ölkəmizdə fəaliyyət göstərən aparıcı turizm şirkətləri və 5 ulduzlu brend hotellər təmsil olunub: “Brend mehmanxanaların Azərbaycanın turizm infrastrukturunu təmsil etməsi sərgidə olduqca maraqla qarşılanırdı. Turizm şirkətləri nümayəndələrinin dediyinə görə, bu sərgidə əvvəldən əlaqə qurduqları partnyorlarla əməkdaşlıq müqavilələrini yeniləməklə bərabər, yeni şirkətlərlə də münasibət qura biliblər».
   Sərgi zamanı Almaniyanın kütləvi informasiya vasitələri «İTB Berlin - 2013»ün rəsmi tərəfdaşı kimi ölkəmizə xüsusi maraq göstərib. Sərginin ikinci günü «İTB Berlin News» qəzetində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin geniş müsahibəsi dərc olunub. Bu qəzetin sərginin davam etdiyi 5 gün ərzində hər gün yeni sayı işıq üzü görüb: «Qəzetin hər nömrəsində Azərbaycanla bağlı material əksini tapırdı. Bundan əlavə, «Berlin İTB» televiziyası sərgi günlərində Azərbaycanla bağlı bütün tədbirlərin çəkilişlərini apardı. Sərgidə iştirak edən digər ölkələrin çəkiliş qrupları da ölkəmizin stendindən müxtəlif çəkilişlər edirdilər, xüsusilə də mədəniyyət və incəsənət ustalarımızın çıxışlarını çəkirdilər. Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin milli geyimlərdə şəkilləri bir çox qəzet və jurnalların səhifələrini bəzəyirdi».
   Həmsöhbətimiz sonda onu da qeyd etdi ki, hər belə sərgidə Azərbaycan turizminə marağın daha da artdığı hiss edilir. Bu xüsusda ölkəmizin turizm imkanlarının beynəlxalq sərgilərdə nümayiş etdirilməsinin çox böyük rolu var.

    Fəxriyyə Abdullayeva