Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edir

 

Ölkəmiz daha bir beynəlxalq mədəniyyət tədbirinə – III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edir. 8-11 oktyabr tarixlərini əhatə edən festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi,  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşır.

Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, qardaş ölkələrin iştirakı ilə ortaq audiovizual məkan yaradılaraq xalqlarımızın bu məkana inteqrasiyasına töhfə vermək məqsədilə bu il üçüncü dəfə keçirilən “Korkut Ata” festivalı ildən-ilə öz auditoriyasını, sənət üfüqlərini genişləndirir. İlk festival 2021-ci ildə Türkiyənin İstanbul şəhərində, ikincisi isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib.

Türk dünyasının dörd bir yanından kino xadimlərinin qatıldığı III “Korkut Ata” festivalının açılış mərasimi oktyabrın 8-də Heydər Əliyev Mərkəzində oldu.

Türk dünyasının tanınmış sənət adamları ilə yanaşı, rəsmi şəxslərin də təşrif buyurduğu kino bayramında qardaş ölkələrdən ümumilikdə 100-dən çox qonaq iştirak edir.

Açılış mərasimində Azərbaycan kinosunun türk xalqlarının böyük söz-mədəniyyət abidəsi “Kitabi-Dədə Qorqud” mövzusunda öncül yeri və rolu qeyd olundu. Bildirildi ki, Xalq yazıçısı Anarın ssenarisi əsasında 1975-ci ildə ekranlaşdırılan “Dədə Qorqud” bədii filmi (rejissor Tofiq Tağızadə) bu mövzuda ilk tammetrajlı ekran əsəridir. Filmdə əsasən eposun iki boyundan istifadə edilib.

Xalqın özünü dərk etməsində, milli köklərə daha möhkəm bağlanmasında folklorun əvəzsiz rol oynadığını nəzərə alan Ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında 1997-ci ildə imzaladığı fərman da yada salındı.

Türk dünyasının birliyini əks etdirən videoçarxın nümayişindən sonra çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov festivalın məqsədləri barədə söz açdı, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür etdi, festivalın işinə uğurlar arzuladı.

Vurğulandı ki, Azərbaycan mədəniyyət tariximiz, ümumilikdə ölkəmiz üçün xüsusilə əlamətdar olan bir ildə bu festivala ev sahibliyi edir. Bu il Azərbaycan mədəniyyətinin qədim beşiklərindən biri – Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir. Bu il həmçinin Türk dünyasının birlik və bərabərliyinə böyük töhfələr vermiş insan, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyidir.

Nazir müavini türk xalqlarının ortaq mədəni dəyərlərinin təbliğində kinonun mühüm rol oynayacağını bildirərək festivalın bu prosesə öz müsbət təsirini göstərəcəyini bildirdi. Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev türk dövlətləri arasında əlaqələrin qurulması və inkişafında müstəsna rol oynayıb. Hazırda bu istiqamətdə mühüm işlər görülür. Artıq üçüncü dəfə təşkil olunan “Korkut Ata” kinofestivalı da türk respublikalarının ortaq film istehsalına, maraqlı kino ideyalarının reallaşacağına bir zəmin yaradır. Festival xalqlarımız arasında əlaqələrin, həmrəyliyin daha da möhkləmləndirilməsinə, eyni zamanda ortaq dəyərlərimizin təbliği baxımından xüsusi önəm kəsb edir.

TÜRKSOY-un baş katibinin müavini Sait Yusuf festivalın əhəmiyyətini yüksək qiymətləndirdi, təşkilatın rəhbərliyi adından tədbirin işinə uğurlar arzuladı. Dedi ki, bu kimi tədbirlər kino sahəsində əməkdaşlığa töhfələr verəcək. Qədim türk mədəniyyəti və milli dəyərlərinin, ortaq xüsusiyyətlərinin kino vasitəsilə təbliği üçün bu qəbildən müştərək layihələrin həyata keçirilməsi önəmlidir: “Bədii filmlər və televiziya serialları nəinki türkdilli ölkələrdə, eyni zamanda dünyanın dörd bir yanında tamaşaçı kütləsinə sahibdir. Bu məqam təbliğat üçün imkanların genişlənməsi deməkdir. Bu kontekstdə ortaq ünsiyyət dili artıq zərurətə çevrilib”.

“Korkut Ata” festivalının direktoru, kino tənqidçisi İhsan Kabil (Türkiyə) Türk dünyası ölkələrində tarixi bədii, sənədli filmlərə daha çox ehtiyac yarandığını dilə gətirdi, festivalın işinə uğurlar arzuladı.

Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev türk xalqları arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr, Azərbaycanın zəngin mədəni irsi, kino ənənələri barədə məlumat verdi, yaxın keçmişə nəzər salaraq əlaqə və əməkdaşlığın yeni və çoxşaxəli istiqamətləri üçün bazanın olduğunu dedi. O, Azərbaycanın tanınmış kino xadimi Əjdər İbrahimovun hələ sovet dövründə çəkdiyi filmlərlə Türk dünyasında kino sahəsinin inkişafına mühüm töhfələr verdiyini dilə gətirdi.

Çıxışlardan sonra festivalın müsabiqədənkənar proqramında yer alan ekran əsərlərindən biri – türkiyəli rejissor Harun Korkmazın “Kıspet” qısametrajlı bədii filmi nümayiş olundu.

Atasının yolunu davam etdirib yağlı güləş pəhləvanı olmaq istəyən Həmzənin həyat hekayəsi olan film izləyicilər tərəfindən maraqla qarşılandı.

Qeyd edək ki, festivalın proqramına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) ümumilikdə 32 bədii, sənədli və animasiya filmi daxildir. Filmlər 9-11 oktyabr tarixlərində Nizami Kino Mərkəzində nümayiş etdirilir. Seanslara giriş sərbəstdir.

Oktyabrın 11-də III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimində müxtəlif nominasiyalar üzrə mükafatçı filmlər elan olunacaq.

Həmidə Rüstəmova