Qiymətlər müxtəlif, təkliflər rəngarəng
   
   Hər il xalqımızın sevə-sevə qeyd etdiyi zəngin ənənəli Novruz bayramı artıq yurdumuza qədəm qoyub. Azərbaycan vətəndaşları bayram tətilini harada və necə keçirmək barədə düşünür? Kimi bayramı öz evində, kimi regionlarımızdakı istirahət məkanlarında, kimi də xarici ölkələrdə qarşılamaq niyyətindədir. Biz də kiçik araşdırma apararaq Novruz günlərində ölkədaxili və müxtəlif xarici məkanlara təşkil edilən turlarla maraqlandıq.
   
   Daxili turlar - Qəbələdən Lənkəranadək
   
   Bayram günlərində Azərbaycanın müxtəlif regionlarına turlar təklif olunur. Hər il olduğu kimi, bu il də Qəbələ rayonuna təşkil edilən turların sayı çoxdur. Buradakı 5 ulduzlu «Qafqaz Riverside» hoteli 24 və 25 mart tarixlərinə 2 günlük istirahət təklif edir. 110 manatdan başlayan qiymətlərə 1 gecə, 2 gün hoteldə qalma, qidalanma, ekskursiya və nəqliyyat daxildir. Avtobusda qəlyanaltı, ekskursiyalar zamanı çay süfrəsi, intellektual, əyləncəli və idman oyunları da bu qiymətə daxildir. Qrup şəklində istirahət etmək istəyənlərə güzəşt nəzərdə tutulur.
   «Qafqaz Riverside» hotelinin təklif etdiyi daha bir paket 145 manatdan (2 nəfərlik otaqda 1 nəfər üçün) başlayır. Bu qiymətə gündə 3 dəfə yemək, bayram proqramlarında iştirak və hoteldə gecələmək daxildir. Martın 19-dan 24-nə qədər nəzərdə tutulan paketlər 1 gecə 2 gün, 2 gecə 3 gün və 3 gecə 4 günlükdür.
   Bayram günlərində vətəndaşlara təklif edilən istiqamətlərdən biri də Lerik rayonunda fəaliyyət göstərən «Relax» istirahət mərkəzidir. Burada gündə 3 dəfə yemək, Novruz bayramı münasibətilə təşkil edilən müxtəlif proqramlarda iştirak və hoteldə gecələmənin daxil olduğu paketlərin qiyməti günlərin sayına müvafiq olaraq 40-90 manat arasında dəyişir.
   19-24 mart tarixində ölkədaxili bayram turları həmçinin Lənkəran rayonundakı «Palıdlı sahil» istirahət mərkəzinə, Qubadakı 4 ulduzlu «Cənnət bağı» hotelinə, Nabrandakı «Caspian Sea Resort Hotel»ə, Zaqataladakı «EL Resort Hotel»ə də reallaşdırılacaq. Qiymətlər isə müxtəlifdir - 40 manatdan 390 manata qədər.
   Builki Novruz bayramı günlərində istirahət üçün təklif edilən yeni istiqamətlər də var. Bu sıraya Qusar rayonundakı “Şahdağ” Qış-Yay Turizm Kompleksi də daxildir. Qiymətlər təklif edilən xidmətlərin çeşidindən asılı olaraq müxtəlifdir. Yalnız ekskursiya və yol (yüngül qəlyanaltı ilə) xərcinin daxil olduğu turun qiyməti 15 manatdan başlayır. Tur martın 24-nə nəzərdə tutulub.
   
   Türkiyə və Dubay populyarlığını saxlayır
   
   Bayram günlərində müxtəlif xarici ölkələrə də turlar reallaşdırılacaq. Bu sırada ən məşhur istiqamətlər Türkiyə, Dubay, Mərakeş, Gürcüstandır. Son illər siyasi qarışıqlıq səbəbindən turistlərin ehtiyatla yanaşdığı Misirin məşhur Şarm-əl Şeyx kurort şəhərinə də bu il bayram turları həyata keçirilir. AZAL Bakıdan Şarm-əl-Şeyxə çarter aviareysi təşkil edib. Daha bir çarter reysi Mərakeşin Ağadir kurort şəhərinə təşkil olunub.
   Bir neçə şirkətlə əlaqə saxlayıb populyar istiqamətlər haqqında məlumat aldıq. «Spekt travel» şirkətinin baş direktoru Göydəniz Qəhrəmanov əsasən Türkiyə və Dubaya turlar təşkil etdiklərini dedi. 580 manatdan başlayan qiymətlərə turistlər 3 və 4 ulduzlu hotelləri seçə bilərlər. Buraya aviabilet, viza, hoteldə qalmaq və səhər yeməyi daxildir.
   «Dərviş travel» Türkiyə, Dubay, Tailand, Malayziya və Avropa ölkələrinə turlar təklif edir. Şirkətin direktoru Nadir Nadirovun bildirdiyinə görə, Novruz turlarında 3,4 və 5 ulduzlu hotellərdə qalmaq üçün qiymətlər 800-1000 manat arasında dəyişir. «Millennium» turizm şirkəti də Novruz günlərində Türkiyə və Dubaya turlar təklif edir. Şirkətin xarici turizm şöbəsinin əməkdaşı Faida Məmmədovanın sözlərinə görə, Dubaya qiymətlər 170 manatdan, İstanbula isə 320 manatdan başlayır. Qiymətə 3 və 4 ulduzlu hoteldə qalmaq, səhər yeməyi daxildir. Aviabilet müştərinin öz hesabınadır.
   
   «Novruz bayramı» festivalı keçiriləcək
   
   Novruz günlərində paytaxt Bakıda da rəngarəng bayram tədbirləri nəzərdə tutulub. Belə tədbirlərdən biri də «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən reallaşdırılacaq «Novruz bayramı» festivalıdır. Martın 20-dən 23-dək Qoşa Qala qapısı yanında «Meydan bazarı» açılacaq. Festivalda milli tətbiqi sənət məhsulları və suvenirlərin sərgi-satışı təşkil olunacaq, milli mətbəx ustaları öz məharətlərini nümayiş etdirəcəklər. Rəngarəng konsert proqramı, kəndirbaz və pəhləvanların çıxışı, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları hesab olunan Kosa və Keçəlin iştirakı bayram əhval-ruhiyyəsini daha da artıracaq. Konsert proqramında muğamla yanaşı, klassik musiqi, müasir estrada və caz musiqisi səslənəcək.
   Martın 20-21-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz tədbirləri təşkil olunacaq. Həmin günlər İçərişəhərdən (Qoşa Qala qapısı) yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.
   
   Qatarlara əlavə vaqonlar qoşulacaq
   
   «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun sözlərinə görə, Novruz günlərində sərnişin axınının artması nəzərə alınaraq müvafiq tədbirlər görülür. Bayram günlərində ölkə daxilində hərəkət edən sərnişin qatarlarına ümumilikdə hər gün 10-15, bəzən də 20 əlavə vaqonun qoşulması təmin ediləcək. Beləliklə, hər kəs Novruz bayramını harada qeyd etməyi özü seçə bilər. Bayramınız mübarək!
   

  Fəxriyyə Abdullayeva