Bakıda Qazaxıstan Mərkəzi Dövlət Muzeyinin sərgisi

 

Oktyabrın 12-də Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikası Mərkəzi Dövlət Muzeyinin “Naxışlarda motivlərin gözəlliyi” adlı sərgisi açılıb.

“Türk dünyasının simvolu – xalça” mövzusunda II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində keçirilən sərgidə Qazaxıstan Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunur. Ekspozisiyada qazax xalqının zəngin mədəniyyətini, dünyagörüşünü, yaşadıqları köçəri həyat tərzinin minilliklər boyu formalaşdırdığı ənənələri əks etdirən xovlu və xovsuz xalçalar, xalça və keçə məmulatları, geyim və zərgərlik nümunələri, toxuculuq alətləri, məişət əşyaları, atın bəzədilməsi üçün ləvazimatlar yer alıb. Bədii və tarixi baxımdan yüksək dəyərə malik, ornamentlərinin zənginliyi ilə fərqlənən kiçik ölçülü “kilem” – ənənəvi qazax xalçaları və xalça məmulatları sərgidə xüsusi yer tutur.

Estetik baxımdan zövqlə işlənən, interyerə xüsusi ahəngdarlıq verən eksponatlar alaçıqda olduğu kimi yerləşdirilib. Ekspozisiyanı ziyarət edənlər qazax xalqına məxsus ənənəvi yaşayış yeri olan alaçığın ab-havasını duyurlar.

Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin təşkilatçılığı, TÜRKSOY-un dəstəyi ilə keçirilən sərgi oktyabrın 18-dək davam edəcək.